Azərbaycanın sığorta şirkəti “Azərpoçt”la əməkdaşlığa başladı

azerbaycanin-sigorta-sirketi-azerpoctla-emekdasliga-basladi
Oxunma sayı: 714

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı keçirilən tədbirdə “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Tamerlan Hacıyev çıxış edərək müqavilənin əhəmiyyətindən danışıb: ““Azərpoçt” MMC ilə bağladığımız müqavilə sığorta məhsullarının müasir səviyyədə və keyfiyyətlə sığorta olunanlara təqdim edilməsində böyük rol oynayacaq. Hazırda müştərilərimizin sayı 15 min nəfərdən çoxdur. “Azərpoçt” vasitəsilə bu sayın 2-2,5 dəfə artacağını düşünürük. Şirkətimiz gələn ilə daha aqressiv yanaşır. Nizamnamə kapitalımızı 5 milyon manatdan 10 milyon manata çatdırmağı düşünürük”.

“Azərpoçt” MMC-nin baş direktorunun müavini Sübhan Kazımov isə qeyd edib ki, bu ildən bir sıra yeni icbari sığorta növlərinin tətbiqinə başlanılıb: “Bu baxımdan, milli poçt operatoru kimi “Azərpoçt” MMC-nin də üzərinə böyük vəzifələr düşür. Bundan sonra bütün Azərbaycanı əhatə edən poçt şöbələrimizdə əhalinin sığorta məhsullarını “AtaSığorta”dan əldə etmələrinə imkan yaradacağıq”.

Sonra “AtaSığorta” ASC-nin idarə Heyəti sədrinin müavini İsrail Qarayev bildirib ki, şirkətin bu ilin 11 ayında sığorta yığımı 4, 6 milyon manat təşkil edib. 2012-ci il üçün hədəf bu məbləği 10 milyon manata çatdırmaqdır.

Nigar Məmmədli