Azərbaycanın şirkətləri Avropa bazarlarına çıxacaq

azerbaycanin-sirketleri-avropa-bazarlarina-cixacaq
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, komissiyaya Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Estoniya tərəfdən isə iqtisadiyyat və kommunikasiya naziri Juhan Parts həmsədrlik ediblər.

İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən Ə. Abbasov tərəflər arasında mövcud siyasi münasibətlərin iqtisadi əlaqələrin daha da genişlənməsi üçün zəmin yaratdığını deyib.

Ölkə başçılarının qarşılıqlı səfərlərini və bunun nəticəsi olaraq 2009-2010-cu illərdə imzalanan bəyannaməni Estoniya ilə Azərbaycan əlaqələrinin inkişafı baxımından dəyərli töhfə kimi qiymətləndirən nazir hər iki ölkənin regionda və beynəlxalq aləmdə artan nüfuzunu qeyd edib.

Ə. Abbasov ölkədə sürətli inkişafı hədəfləyən "Azərbaycan – 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə ətraflı məlumat verərək bildirib ki, konsepsiyada ölkədə ümumdaxili məhsulun 2 dəfə artırılması və bu artımın yaxın 8-10 il ərzində qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına formalaşdırılması nəzərdə tutulub.
Nazir təbii sərvətlərə əsaslanan iqtisadi inkişafdan innovativ yönümlü iqtisadi inkişafa keçid istiqamətində Estoniya təcrübəsindən istifadənin mümkünlüyünü qeyd edib. Hər iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensialın mövcudluğunu vurğulayan Əli Abbasov Azərbaycan şirkətlərinin Estoniya bazarlarına çıxmaq arzusunda olduqlarını söyləyib.

Öz növbəsində Juhan Parts Azərbaycana ilk dəfə 2009-cu ildə səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə bütün sahələrdə sürətlə inkişaf müşahidə olunduğunu qeyd edib.
Estoniyalı nazir Bakının tamamilə müasir, inkişaf etmiş bir şəhərə çevrildiyini vurğulayaraq bütün bunları ölkənin iqtisadi inkişafının təzahürü kimi dəyərləndirib. Azərbaycan və Estoniya arasında münasibətlərin qənaətbəxş olduğunu deyən J.Parts əlaqələrin daha da genişləndirilməsini gələcək perspektivlər baxımından səmərəli hesab edib.

O, Azərbaycanın Estoniya üçün yaxşı tərəfdaş olduğunu qeyd edərək bildirib ki, maliyyə böhranı dövründə Estoniya şirkətləri məhz bu regionda fəaliyyət göstərib: "Bildiyiniz kimi, Estoniyanın ticarət əlaqələrinin 80%-dən çoxu Avropa İttifaqı ölkələri ilədir. Buna baxmayaraq, 2011-ci ildə ən yüksək iqtisadi artım Estoniyada qeydə alınıb. Belə ki, 2011-ci ildə Estoniyada ÜDM-in artım tempi 7,6% təşkil edib".

J.Parts bir çox sahələr üzrə hər iki ölkə şirkətlərinin birlikdə fəaliyyəti üçün münbit şəraitin olduğunu qeyd edərək əlavə edib ki, şirkətlər birlikdə müəssisələr də yarada bilər. Estoniyalı nazir Azərbaycanın İKT şirkətlərinin Estoniya bazarlarına çıxmaqla birbaşa Avropa bazarlarına çıxış qazanacağını da vurğulayıb.

Nigar Məmmədli