Azərbaycanla İran viza rejimini sadələşdirir

azerbaycanla-iran-viza-rejimini-sadelesdirir
Oxunma sayı: 1438

Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Çıxışında iranlı nazir regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır. Bu əlaqənin ən vacib sahələrindən biri tranzitdir. Biz Fars körfəzini Hind okeanı və Qara dənizlə birləşdirəcək ən sərfəli marşrut yaratmağa qadirik. Enerji və turizm sahəsində də imkanlar mövcuddur”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.