Azərbaycanla Pakistan arasında protokol imzalandı

azerbaycanla-pakistan-arasinda-protokol-imzalandi
Oxunma sayı: 1124

Dekabrın 7-də Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Birgə İşçi Qrupunun iclasında əməkdaşlıq üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi və gələcək strategiyanın hazırlanması məsələləri müzakirə olunub.

İclasdan əvvəl nazir Heydər Əsədov və Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosan son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə olunmuş nailiyyətləri əks etdirən stendlərlə tanış olublar.

Birgə İşçi Qrupunun iclasında kənd təsərrüfatı üzrə tədqiqat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq, kənd təsərrüfatı məhsulları üzrə ikitərəfli ticarətin təşviqi və asanlaşdırılması, süd və ət istehsalının artırılması məqsədilə mal-qara rüşeymi, embrionu və camış toxumu mübadiləsi, yeni emal texnologiyalarının tətbiqi, meyvə, tərəvəz, ət, mal-qara və süd məhsullarının qablaşdırılması, saxlanması və marketinqi sahəsində əməkdaşlıq, xüsusi təhlükəli heyvan xəstəliklərinin laboratoriya diaqnostikası məsələləri müzakirə olunub.

Eyni zamanda, Pakistandan Azərbaycana yüksək məhsuldar cins camışların idxalı məsələsinin araşdırılması, fitosanitar risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, yeni (ekzotik) zərərli orqanizmlərin aşkar olunması zamanı fövqəladə hallar, mübarizə və ləğvetmə tədbirləri üzrə təcrübə mübadiləsi məsələləri, mütərəqqi suvarma üsullarının və texnologiyalarının tətbiqi ilə əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi, aqrar elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın genişləndirilməsi, aqrar universitetlər arasında əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetirilib.

Sonda Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclasının yekun protokolu imzalanıb.

Sikandar Hayat Xan Bosan imzalanan protokolun iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.

Sonda H. Əsədov Pakistan iş adamlarını və şirkətlərini Azərbaycanda hər il keçirilən kənd təsərrüfatı sərgisinə dəvət edib.