Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiya işləri aparılır

azerbaycanla-rusiya-arasinda-dovlet-serhedinin-demarkasiya-isleri-aparilir
Oxunma sayı: 646

18-20 iyun tarixlərində Bakıda Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti, yeddinci iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda 3 sentyabr 2010-cu il tarixində imzalanmış Azərbaycan ilə Rusiya  arasında dövlət sərhədi haqqında Müqaviləyə uyğun olaraq, tərəflər arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Görüş əsnasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər.

İclasın nəticələrini əks etdirən Protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən cari ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur.

İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.