Azərbaycanla Sverdlovsk arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

azerbaycanla-sverdlovsk-arasinda-iqtisadi-emekdasliq-muzakire-edildi
Oxunma sayı: 913

İqtisadiyyat naziri Şahin Mustafayev Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir.

Görüşdə vurğulanıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində davamlı artım müşahidə edilir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 50%-ə yaxın hissəsi Azərbaycanın payına düşür. Ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 19%, bu ilin yanvar-iyul ayları ərzində isə 23% artıb. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə birinci yerdədir. Təkcə ötən il Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi 550 min tondan çox olub və ixrac həcminin bir milyon tona çatdırılması imkanları mövcuddur.

Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Sverdlovsk vilayəti Azərbaycan üçün vacib tərəfdaşdır. 2018-ci ildə Azərbaycanın Rusiya Federasiyasının Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsi 83% artaraq 95 mln. dollara çatıb. 2019-cu bu göstəricinin 100 mln. dollardan çox olmasını hədəfləyirik.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Saziş imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşev imzalayıblar.

Sonra Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları, Sverdlovsk vilayətinin sənaye potenisalı, görüşdə iştirak edən Azərbaycan və Rusiya şirkətləri arasında əlaqələrin inkişafı imkanları barədə məlumat verilib.

Tədbir iş adamları arasında müzakirələrlə davam edib.