Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb

azerbaycanla-turkiye-arasinda-emekdasliq-protokolu-imzalanib
Oxunma sayı: 990

Bakıda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlini salamlayaraq, qardaş ölkənin nümayəndələrinin “AGtech and Green Energy” beynəlxalq forumunda iştirakını yüksək qiymətləndirib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub, kənd təsərrüfatının inkişafı prosesində əhəmiyyətli nailiyyətlər əldə olunub. Hazırda kənd təsərrüfatının aparıcı sahələrinə dair dövlət proqramları üzərində iş getdiyini xatırladan İnam Kərimov Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə aqrar sığorta sisteminin tətbiq ilə bağlı təcrübə mübadiləsi aparmaqda, toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Görüşün sonunda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirlikləri arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolunun imzalanma mərasimi keçirilib. Protokolu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli imzalayıblar.