“Azərbaycanla Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır”

azerbaycanla-turkiye-xxi-esrin-enerji-xeritesini-birlikde-cizir
Oxunma sayı: 1287

“İyunun 12-də Azərbaycan dünya enerji tarixində daha bir möhtəşəm uğura imza atdı. Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin rəsmi açılış mərasimi keçirildi. Bu tarixi hadisə həm Azərbaycan-Türkiyə dostluq və qardaşlığının ən yüksək səviyyəyə çatdığını, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaşa çevrildiyini nümayiş etdirir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı ölkələrimiz, bölgəmiz və Avrasiya üçün önəmlidir. “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir”, - deyən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, iki qardaş ölkə XXI əsrin enerji tarixini birlikdə yazır”.

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V. Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan və Türkiyənin birgə səyləri regionda inkişafa, sülhə və təhlükəsizliyə mühüm töhfələr verir: “TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən İlham Əliyev bildirib ki, bu gün bu tarixi gündə də biz birlikdəyik. “Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”, - deyən dövlətimizin başçısı dünyaya mühüm mesajlar verib. Sözsüz ki, bu bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dost, qardaş ölkə olmaqla yanaşı, strateji müttəfiqdirlər və bütün məsələlərdə, bütün sahələrdə bir-birilərini dəstəkləyirlər. Bu mənada Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır”.