Azərbaycanlı aktyorlar Beynəlxalq Festivalda - Fotolar

azerbaycanli-aktyorlar-beynelxalq-festivalda
Oxunma sayı: 1600

Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiyaya yola düşüb.

"Qafqazinfo" xəbər verir ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 5-ə dək keçiriləcək Beynəlxalq Festivalda  ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin “Tıq-tıq xanım”  tamaşası ilə təmsil olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlıdır. Tamaşada əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Elşən Şıxəliyev və Xalq Artisti Ağaxan Salmanlı ifa edəcəklər.

Festivalın münsiflər heyətinin tərkibi Rusiyadan, Qazaxstandan və digər ölkələrdən dəvət edilmiş tanınmış teatr mütəxəssislərindən ibarətdir.

Teatrın digər bir qrupu isə oktyabr ayının 3-dən  9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçiriləcək “Mariya”  adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak etmək üçün bu gün Kiyev şəhərinə yola düşüb.

Sözügedən festivalda ölkəmiz P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunacaq.

Tamaşada ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov çıxış edir.

Festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan,  Böyük Britaniyadan və Türkiyədən olan  peşəkar teatrlar da iştirak edir.