Azərbaycanlı deputatın ailəsində faciə

azerbaycanli-deputatin-ailesinde-facie-
Oxunma sayı: 642

“Media forum” saytının məlumatına görə, hadisə Zəncan-Təbriz yolunda, “Şibli” tunelində baş verib. Şəxsi avtomobili ilə hərəkət edən Allahverdi Dehqanın həyat yoldaşı, 15 yaşlı qızı və yeniyetmə oğlu yerindəcə həlak olub, digər azyaşlı oğlu isə ağır yaralanıb. Hadisədə deputatın özü də ağır bədən xəsarəti alıb.

Komaya düşən ata-oğulun Təbriz xəstəxanasına yerləşdirildiyi bildirilir. Hadisənin səbəbi haqda məlumat yayılmayıb.

Allahverdi Dehqan noyabrın 13-də İran parlamentində çıxış edərək 3 ay əvvəl Şərqi Azərbaycanda baş vermiş zəlzələdən ziyan çəkənlərin durumundan gileylənmişdi. O demişdi ki, Əhər, Heris, Vərzəqan şəhərlərində və ətraf bölgələrdə artıq bir neçə gündür qar yağır və havanın temperaturu sıfırdan aşağı düşüb, amma insanlar hələ də ibtidai yardımdan məhrumdur: “Təəssüflər olsun ki, insanlar bu soyuq havada hələ də çadırlarda və yarımdağılmış evlərdə yaşayırlar. Zəlzələdən 3 ay keçməsinə baxmayaraq 60-dan çox kənd və bir şəhər tamamilə baxımsız qalıb. Hazırda Vərzəqan şəhərində 1600 nəfər müvəqqəti yerlərdə məskunlaşdırılıb. Lakin həmin şəhərin ətrafındakı kəndlərdə 9 min nəfərin müvəqqəti məskunlaşması məsələsi öz həllini tapmayıb”.