Azərbaycanlı dizayner ABŞ üçün yeni “Tank” hazırladı - Fotolar

azerbaycanli-dizayner-abs-ucun-yeni-tank-hazirladi
Oxunma sayı: 5236

Azərbaycanlı dizayner Samir Sadıqov Amerikanın Kaliforniya ştatında yerləşən məşhur “Rezvani Motors” avtomobil şirkəti üçün “Tank Military Edition” adlı ofrouderinin yeni modifikasiyasını təqdim edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Gəncə şəhərində anadan olmuş Samir Sadıxov İtaliyanın Avropa Dizayn İnstitutunu bitirib.

Bu, həmyerlimizin Amerika şirkəti ilə reallaşdırdığı sayca üçüncü layihəsidir. O, bundan öncə “Rezvani Motors” üçün “BEAST” super avtomobili və “Tank” avtomobilini dizayn edib.

“Tank Military Edition” adını almış avtomobil “Tank” modelindən zirehli kuzovu, əlavə müdafiə vasitələri və 717 at qüvvəli V8 Hellcat mühərriki ilə fərqlənir.

Yeni model avtomobil zirehli kapsulaya və hücum tüfənginin atəşinə davam gətirən şüşələrə sahib olub. Avtomobilin akkumulyator batareyası və yanacaq çəni də kevlardan hazırlanmış müdafiə örtüyü ilə təchiz edilir. “Tank Military Edition” avtomobilinin altı da partlayışlardan müdafiəni təmin etmək üçün gücləndirilib.

“Tank Military Edition” modelinin təchizatına radiatorun müdafiəsi, hərbi şinlər, çıxan qapı dəstəkləri, tüstü qatı sistemi, gecə görüntü sistemi, gözqamaşdıran işıqlar, stroboskoplar, sirena, əleyhqazlar, ilk yardım dəsti və soyuqdan müdafiə sistemi daxildir. Əlavə avadanlıq siyahısına bir neçə növ tənzimlənən asqı sistemi, interyer tərtibatı və rəng həlləri daxil edilib. Yeni modelin başlanğıc qiyməti 295 min dollar təşkil edir.

Xatırladaq ki, “Rezvani Tank” modeli keçən ilin oktyabrında debüt edib.