Azərbaycanlı iş adamları Braziliyaya səfər edəcək

azerbaycanli-is-adamlari-braziliyaya-sefer-edecek
Oxunma sayı: 786

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Braziliyanın ölkəmizdə səfərdə olan xarici əlaqələr naziri Aloyzio Nunesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib. 

Ş. Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb.

Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. 

Bildirilib ki, 2017-ci il yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 5% artıb və ticarət əlaqələrinin genişləndirilməsi üçün ixrac potensialı olan məhsullar müəyyən edilməlidir. 

İqtisadiyyat naziri 2018-ci ilin mart ayında iş adamlarının da təmsil olunacağı Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfər edəcəyini diqqətə çatdırıb.

Azərbaycanın planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına uğurla keçdiyini, ölkəmizin regionun aparıcı dövlətlərindən olduğunu qeyd edən nazir Aloyzio Nunes Azərbaycanın xarici iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.