Roman Nəsirovun 50 min dolları həbsdə qaldı

roman-nesirovun-50-min-dollari-hebsde-qaldi
Oxunma sayı: 3675

Kiyevin Şevçenko rayon məhkəməsi Ukrayna Dövlət Fiksal Xidmətinin keçmiş azərbaycanlı rəhbəri Roman Nəsirovun bankdan müsadirə edilmiş 50 min dollar nağd puluna qoyulmuş həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.

“Qafqazinfo” “Korrespondent” nəşrinə istinadən xəbər verir ki, bu barədə Xüsusi Antikorrupsiya Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bir neçə gün öncə Nəsirovun işi ilə bağlı keçirilən növbəti iclasda vəkilləri üzərinə həbs qoyulmuş külli miqdarda məbləğlə bağlı vəsatət qaldırıb.

“Hakim tərəflərin mövqeyini nəzərə alaraq məhkəməyə təqdim edilən ərizəni təmin etməyib”, - deyə prokurorluqdan bildirilib.

R. Nəsirovun işi ilə bağlı növbəti iclas 28 avqusta təyin edilib.

Xatırladaq ki, 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı. Cari ilin avqustun ortalarında məhkəmə onun daha iki ay müddətində elektron qolbağ taxması barədə qərar verib.