Azərbaycanlılar niyə az yaşayırlar?..

azerbaycanlilar-niye-az-yasayirlar
Oxunma sayı: 3173

Seymur Verdizadə

Yazıçı dostum Tofiq Xəzər ötən il Asiya səfərindən qayıdanda belə demişdi: “Pekində olanda qrupumuza üç-dörd amerikalı qoşuldu. Kişilərdən birinin 90 yaşı vardı. O, bizimlə birlikdə Çin səddinə qalxanda, camaatın gözü təəccübdən bərələ qaldı...”

Amerikalıların uzunömürlü olması jurnalist dostum Etibar Cəbrayıloğlunun da diqqətindən yayınmamışdı. Etibar bəy beş-altı il əvvəl ABŞ-dan qayıdanda, səfər təəssüratını bizimlə bölüşmüşdü: “Bələdçimiz 78 yaşlı bir qadın idi. Zalımın balası maşını gecə o qədər rahat sürürdü ki, elə bil sükan arxasında 18 yaşlı qız əyləşib”.

İki il əvvəl Nyu Yorkda olanda amerikalıların qıvraqlığı məni də təəccübləndirmişdi. Düzdür, mən 90 yaşında Çin səddinə dırmanmağa qadir olan ağsaqqalla, 78 yaşında maşını gənc qızlar kimi məharətlə idarə edən ağbirçəklə qarşılaşmasam da, 80 yaşında könüllülük fəaliyyəti ilə məşğul olan qocalarla görüşə bilmişdim. Səksən yaşlı bir qadından nə işlə məşğul olduğunu soruşanda, cavabı belə olmuşdu: “Yaşlı və xəstə adamlara təmənnasız kömək edirik”.

Amerikalıların uzunömürlü olduğunu bilmək üçün okeanın o tayına getməyə ehtiyac yoxdur. Ata Buş prezident seçiləndə, mən bığ yeri yenicə tərləmiş yeniyetmə idim. İndi saçım-saqqalım ağarsa da, ata Buş oğlu ilə əl-ələ verib, hələ də həyatın ləzzətini dadmaqda davam edir...

Bizdə isə belə uzun ömür sürmək çox az adama nəsib olur. Səksən-doxsan yaşlı adam görəndə, insanlar ona dəvə nalbəndə baxdığı kimi baxırlar. Üç gün əvvəl yas yerində 87 yaşlı bir qocayla qarşılaşanda, tanışlardan biri ağzını qulağıma yapışdırıb, belə dedi: “Allah bilir, bu kötüyün üstündə nə qədər çır-çırpı doğranıb...”

Rəsmi statistikaya görə, Azərbaycanda orta insan ömrü 70 yaş təşkil edir. Belə baxanda, vəziyyət o qədər də acınacaqlı deyil. Amma söhbət bu ömrü necə yaşamaqdan gedir. Görəsən, Azərbaycanda 90 yaşı haqlamış kişilərdən neçəsi Çin səddinə qalxa bilər?

Stress, maddi vəziyyətin ürəkaçan olmaması, keyfiyyətsiz qidalar azərbaycanlıların ömrünə balta çalır. Amma nahaq deməyiblər ki, insanın özündən böyük düşməni yoxdur. Təəssüf ki, əksəriyyətimiz sağlam həyat tərzi keçirməkdə bir o qədər də maraqlı deyilik. Məsələn, sizin kimi mən də tez-tez toylara gedirəm. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində insanlar beş-altı saat masa arxasında oturub, əllərinə keçəni qarınlarına tıxışdırmaqla məşğul olmurlar. Görəsən, 17 növ soyuq qəlyanaltıdan, 8 çeşid isti yeməkdən sonra camaata plov vermək kimin ağlına gəlib?

Bizim ən böyük problemimiz sağlam qidalanmağı bacarmamağımızdır. Müşahidələr göstərir ki, azərbaycanlılar gündəlik qida rasionunda süd və süd məhsullarından, göyərtidən çox az istifadə edirlər. Açıq danışmaqda fayda var: bir gün evdə ət bişməyəndə, az qalır ki, qazanı arvadın başına keçirək. Göy-göyərti, tərəvəz Azərbaycanda kasıb yeməyi sayılır.

Təəssüf ki, ziyalılar, yaradıcı insanlar, özlərini cəmiyyətin “qaymağı” hesab edən adamlar bu məsələdə başqalarına yaxşı nümunə ola bilmirlər. Bir müddət əvvəl də yazmışdım: Azərbaycanda oxumayan adamlar avam, oxuyanların çoxu “alkaş” olur. Gənc yazar tanıyıram ki, qələm tutmağı doğru-dürüst öyrənməmiş “rumka” tutmağa başlayıb...

Etiraf edim ki, yemək məsələsində mən özüm də qaydalara tam olaraq riayət edə bilmirəm. Ötən il jurnalist dostum Azər Həsrətlə Tərtərdə nahar edəndə o qədər çox sifariş verdim ki, Bakıya qayıdandan sonra Azər bəy məni düz bir ay məzəmmət etdi.

Başa düşməliyik ki, bizim təkcə ailə üzvlərimizin, qohumlarımızın, dostlarımızın deyil, həm də dövlətimizin və millətimizin qarşısında müəyyən öhdəliklərimiz var. Buna görə də əlimizə keçəni mədəmizə doldurub, ömrümüzə balta çalmağa haqqımız yoxdur...