Azərbaycanlıları soyan Özbəkistan vətəndaşı saxlanıldı

azerbaycanlilari-soyan-ozbekistan-vetendasi-saxlanildi
Oxunma sayı: 636

Mayın 5-i saat 04:30 radələrində Q.Qarayev prospektində Bakı şəhər sakini Mirzağa Mayılov idarə etdiyi «Vaz-2107» markalı avtomobillə piyada Salyan rayon sakini Kamil İbrahimovu vurub, nəticədə o, aldığı xəsarətdən 3 saylı xəstəxanada dünyasını dəyişib.

Martın 31-nə keçən gecə Təbriz küçəsində yaşayan Ziya Kazımovun mənzilindən qapını sındırma yolu ilə noutbuk, mobil telefon, videokamera, qızıl-zinət əşyaları və geyim əşyaları oğurlanıb. Bakı şəhər BPİ CAİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Azad İbrahimov və Hacıqabul rayon sakini Xələş Həşimov aprelin 11-də yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, A.İbrahimov martın 15-dən 19-dək olan müddətdə Zərdabi küçəsində yaşayan Etibar Hüseynovun evindən qapını sındırma yolu ilə içərisində 20 min ABŞ dolları, qızıl-zinət əşyaları və sənədlər olan seyf, martın 29-na keçən gecə Azadlıq prospektində yaşayan Şəmsəddin Hətəmovun evindən qıfılı sındırma yolu ilə 2 ədəd mobil telefon, video kamera, fotoaparat oğurlayıb.

Martın 17-nə keçən gecə isə Pərviz Əliyarova məxsus Şərifzadə küçəsində yerləşən ofisdən pəncərədən keçmə yolu ilə televizor və 2 ədəd noutbuk oğurlanıb. Bakı Şəhər BPİ CAİ və Gəncə Şəhər BPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən digər iştirakçı CM-nin 177-ci maddəsi ilə Nərimanov RPİ tərəfindən axtarışda olan əvvəllər məhkum olunmuş İlkin Məmmədov mayın 5-də yaxalanıb.

Aprelin 7-də Bakı şəhər sakini Zaur Qarayev 5-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, Ş.Məmmədov küçəsində işlədiyi sexdən qapını sındırma yolu ilə maşın yağlarının, diaqnostika, yağ dəyişmə aparatlarının və digər əşyaların oğurlandığını bildirib. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Zaur Qarayev, Masallı rayon sakini Mehdi Ağayev yaxalanıb.

Mayın 5-də Mirqasımov küçəsində yerləşən KTM-ın həyətində döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə 20-25 yaşlarında naməlum kişi meyiti tapılıb. Nəsimi RPİ CAŞ və 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, o, Özbəkistan vətəndaşı Ənvər adlı şəxsdir və onu mayın 5-də həmyerlisi Nizaməddin İsabayev Hökməli qəsəbəsində mübahisə zəminində qətlə yetirib. Cinayətdə şübhəli bilinən N.İsabayev polis tərəfindən yaxalanıb.

2012-ci ilin avqust ayından 2013-cü ilin yanvar ayınadək olan müddətdə Elnarə adlı şəxs etibarlarından sui istifadə edərək Bakı şəhər sakinləri Mətanət Əzimovadan 5 min manat, Musa Məmmədovdan 3 min manat, Natəvan Əliyevadan 27 min manat və Günay Ağayevadan 1700 manat dəyərində qızıl-zinət və məişət əşyaları alıb qaytarmayıb. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, özünü Elnarə kimi təqdim edən Özbəkistan vətəndaşı Könül Abbasova mayın 5-də yaxalanıb.

Mayın 4-ü saat 19 radələrində Bilgəh-Nardaran şossesində Bakı şəhər sakinləri Malik Ələkbərovun idarə etdiyi «Mersedes» markalı və Ramin Ağayevin idarə etdiyi «VAZ-2106» markalı avtomobillər toqquşub. Nəticədə R.Ağayev və sərnişini Sevinc Ələsgərova hadisə yerində ölüb, digər sərnişini Azadə Vəliyeva və «Mersedes» markalı avtomobilinin sürücüsü M.Ələkbərova 3 saylı xəstəxanaya yerləşdirilib.

Yasamal RPİ CAŞ və NMB əməkdaşları keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Germandan içərisində 6 kiloqram civə olan şüşə qab aşkar edib.