Azərbaycanlıların kütləvi davasına səbəb - Gəlin “oğurlanması”

azerbaycanlilarin-kutlevi-davasina-sebeb-gelin-ogurlanmasi-
Oxunma sayı: 706

“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, fevralın 19-da əslən Azərbaycanın Şəmkir rayonundan olan şəxslər arasında məişət zəminində dava baş verib. Davaya səbəb - toydan əvvəl gəlinin “oğurlanması” ənənəsi olub.

Dava nəticəsində zərər çəkmiş beş nəfər deşilmiş-kəsilmiş və travmatik odlu silah yaraları ilə Canalidze adına elmi tədqiqat təcili yardım institutuna çatdırılıb.

Sankt-Peterburqun hüquq-mühafizə orqanları dərhal hadisəyə münasibət bildirmiş, nəticədə dava iştirakçıları saxlanılıb. Baş konsul Qüdsi Osmanov və Sankt-Peterburqda yaşayan, əslən Şəmkir rayonundan olan hörmətli şəxslər – Seyfəddin Məmmədov, Novruz Məmmədov və Elçin Əhmədov münaqişənin genişlənməsinə yol verilməməsi üçün müvafiq izahat işi aparıblar.

Zərərçəkənlərdən ikisi artıq evə buraxılıb, daha iki nəfərin vəziyyəti sabit, bir nəfərin vəziyyəti isə ağırdır. Zərərçəkənlərdən üçü Azərbaycan vətəndaşı, biri Ukrayna vətəndaşı, biri Rusiya vətəndaşıdır.

Baş konsulluq tərəflərlə daim əlaqə saxlayır və vəziyyətə nəzarət edir. Hazırda tərəfləri barışdırmaq üçün iş aparılır.