Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridildi - Yenilənib+ Fotolar

azerbaycanlilarin-yasadigi-rayona-xususi-teyinatlilar-yeridildi
Oxunma sayı: 6375

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.
 
“Qafqazinfo” xəbər verir ki, yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir.

Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.
 
Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.

***

APA xəbər verib ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan David Bakradze azərbaycanlıların sıx yaşadığı Marneuliyə xüsusi təyinatlı polis dəstəsinin yerləşdirilməsini şərh edib.

Siyasətçi keçirdiyi brifinqdə deyib ki, hakimiyyət Marneulidə gərginlik yaratmaq və xalqın seçimini əlindən almaq istəyir:

“İlkin nəticələrə görə, bizim Marneuli icra başçısına namizədimiz Əhməd İmamquliyev qələbə qazanır. Marneulidə yerli əhalinin dəstəklədiyi namizəd qalib gəlməlidir”.

“Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə opponentlərini süni şəkildə gərginlik yaratmaqda ittiham edib. Onun sözlərinə görə, rayonda seçki prosesi ciddi qanun pozuntusu olmadan, sakit şəraitdə keçir.