Azercell 4G-şəbəkəsinin üstünlüklərindən biri olan HSS serveri nədir?

azercell-4g-sebekesinin-ustunluklerinden-biri-olan-hss-serveri-nedir
Oxunma sayı: 2702

Son illər ərzində verilənlərin (məlumatların) ötürülməsi texnologiyaları sürətlə inkişaf etmişdir ki, bu da bir sıra səbəblərlə izah oluna bilər. Bu səbəblərdən biri rəqəmsal mediakontentin həcmninin qlobal və güclü artımıdır. Yeni nəsil şəbəkələrdə işi dəstəkləyən, lakin mobil şəbəkələrin yüklənməsini ciddi şəkildə artıran smartfonlar parkı durmadan genişlənir. Bununla yanaşı, videokonfrans rabitəsi və “video streaming” (videogörüntülərin real zaman rejimində yayımlanması) kimi geniş zolaqlı birləşmə tələb edən internet-servislər xeyli populyarlaşmışdır. Bu zaman həddən artıq yüklənmənin aradan qaldırılmasının əsas çıxış yollarından biri də operatorların dördüncü nəsil mobil rabitə texnologiyalarına keçidi olur.

“Qafqazinfo” xəbər verir ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən Azercell Telekom şirkəti bu gün həmin standartın ölkənin bölgələrində inkişafını təmin etməyi hədəfləyir. 2017-ci ildə  Azercell şirkəti Bakı şəhərində və Abşeron yarımadasında yeni 4G stansiyalarını quraşdıraraq, habelə Gəncədə, Bərdədə, Şəmkir və Lənkəranda yüksək sürətli mobil internet imkanları yaradaraq, Abşerondan kənarda LTE-xidmətini təklif edən ilk mobil rabitə operatoru adını qazanmışdır. Regionlarda bu şəbəkənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Azercell-in Radio-baza stansiyalarının sayı artıq 550-i ötmüşdür ki, bunun sayəsində Azercell şəbəkəsində 4G xidmətlərindən istifadə edənlərin sayı, 2016-cı illə müqayisədə, 3 dəfə, mobil internet istifadəsinin həcmi isə 50% artmışdır. Bununla belə, şirkətin 2017-ci il hesabatından verilən bu rəqəmlər artıq köhnəlmiş hesab oluna bilər, çünki Azercell şirkəti öz 4G şəbəkəsini və əhatə dairəsini yalnız Radio-baza stansiyalarının köməyi ilə deyil, həm də əlavə servislərin istifadəyə verilməsi hesabına təkmilləşdirir və genişləndirir. 

Cari ayın əvvəlində Azercell 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin bir hissəsini tamamlayaraq HSS (Home Subscriber Server, yəni ev şəraitində şəbəkə serveri) məlumat serverini abunəçilərinin ixtiyarına verib.

Sadə dillə desək, 4G-ni dəstəkləyən mobil cihazı və Sim (USIM) kartı olan Azercell abunəçiləri artıq Azercell Ekspres ofislərinə müraciət etmədən 4G xidmətindən müstəqil şəkildə yararlana bilərlər. Bunun üçün abunəçinin istifadə etdiyi smartfon cihazında 4G şəbəkəsinə qoşulması kifayətdir. Azercell şirkətindən bidirirlər ki, HSS layihəsi abunəçinin istifadə etdiyi xidmətlər barədə bütün məlumatların bir bazada yerləşdirilməsini nəzərdə tutur ki, bu da abunəçiyə digər servis və şəbəkələrə maneəsiz qoşulma (hətta rouminqdə) və bu qoşulmaların imkanlarından istifadə etmə imkanı verir.

Bəs ev şəbəkə serveri (HSS) nədir? Bu barədə daha ətraflı məlumatı bu layihənin icrası ilə bilavasitə məşğul olmuş Azercell Telecom-un Texnologiyalar departamentinin Strateji Planlama və Sistemlərin Arxitekturası şöbəsinin ekspert-arxitektoru İslam Allahverdiyev verib.

- HSS (Home Subscriber Server) – mobil rabitə şəbəkəsinin LTE standartlı abunəçi verilənləri serveri və geniş verilənlər bazası olmaqla,  faktiki olaraq VLR, HLR və 2G , 3G şəbəkələrində istifadə olunmuş digər registrlər dəstini əvəz edir. 

Mahiyyətcə, HSS – multimediya kontentinin IP-protokolu əsasında ötürülmə spesifikasiyası olan IMS (IP Multimedia Subsystem) sisteminin sanki “beyni”dir. Mobil operatorun və, ümumiyyətlə, bütün telekommunikasiya bazarının gələcəyi məhz bu serverdən və onun operator şəbəkəsində reallaşdırılmasından asılıdır. Bu serverin verilənlər bazasında abunəçinin müxtəlif istək və niyyətləri, məsələn, zənglərin təkrar yönəldilməsi və filtrasiyası barədə məlumat, səsli poçt bildiriş və ismarıcları, fərdi ünvan kitabçası və sair saxlanılır. HSS serverində, həmçinin, abunəçinin statusunun təyin edilməsi üçün zəruri olan bütün məlumatlar yer alır. Bu halda HSS serverinin təklif etdiyi bütün xidmətlərdən yararlanmaq üçün abunəçi, yuxarıda qeyd olunduğu kimi, Azercell Ekspres ofisinə baş çəkmədən yalnız yeni SIM-kartı (USIM) vasitəsilə autentifikasiya prosesini sadəcə bir dəfə keçməlidir.  

Qeyd etməliyəm ki, bu, gələcək mobil rabitə texnologiyasıdır, çünki biz son nəticədə 5G standartına keçəcəyik, və bu halda HSS serveri multimedia kontentinin artan həcmləri fonunda əvəzedilməz vasitə olacaqdır. Bu gün biz şəbəkənin inkişafına çox ciddi sərmayələr yatırırıq, və bu sırada ən böyük və əhəmiyyətli üstünlük olaraq hazırda texnologiyaların təqdim etdiyi üstünlükləri qeyd edə bilərik. Əgər əvvəllər sistemin aparat səviyyəsində yenilənməsi yarımildə və ya ildə bir dəfə təmin edilirdisə, bu gün artıq avadanlığın təkmilləşdirilməsi proqram təminatını sadə yolla yeniləməklə mümkündür. Müasir server quraşdırmaqla, biz bu serverə yeni funksional əlavə edə, ona olan ehtiyacı isə şəbəkə inkişaf etdikcə təyin edə bilərik.

- HSS serverini istismara verdikdən sonra Siz, çox güman ki, 4G şəbəkəsində trafik artımını müşahidə etdiniz?

- HSS serverini işə salmazdan əvvəl biz bilavasitə abunəçilərlə təmasda olan tərəfdaşlarımızla çalışmışıq. Əsas məsələ 4G şəbəkəsinə avtomatik qoşulma mümkünlüyü barədə informasiyanın abunəçilərin diqqətinə çatdırılmasından ibarət idi. Axı USIM kartlarının 4 ilə yaxın müddətdir təqdim edilməsinə baxmayaraq, bir çox abunəçilər müxtəlif səbəblərdən 4G-dən istifadə etməyə başlamamışlar. Bəzi abunəçilər dördüncü nəsil şəbəkəsini dəstəkləyən smartfonları yenicə əldə etmiş, lakin Azercell Ekspres ofislərinə gəlmək imkanları olmamış,  bəziləri isə geniş zolaqlı rabitənin hansı üstünlüklərə malik olması barədə, ümumiyyətlə, düşünməmişlər. Lakin uyğunlaşma dövrü artıq geridə qalmış, bu gün isə biz müsbət statistik göstəricilər əldə edirik. HSS serveri istismara verildiyi ilk iki gün ərzində 4G şəbəkəsinə avtomatik qoşulma imkanından yararlanmış abunəçilərin sayı 150 min nəfər təşkil etmişdir. Bu abunəçilərin sayı müsbət dinamika ilə artmaqdadır.

- Layihənin icrasında iştirak etmiş geniş tərkibli komandanız barədə məlumat verərdiniz?

- Azercell şirkətində çalışdığım 18 il ərzində bu layihə mənim təcrübəmdə abunəçilərimizlə kommunikasiyaya nöqteyi-nəzərindən ən genişmiqyaslı layihələrdən biri olmuşdur. Biz bəzi aparat sistemlərini əvəzləməli, eləcə də proqram təminatını tam yeniləməli olduq. Şirkətin İKT-departamenti bu məsələlərə çox böyük dəstək göstərirdi.

Bundan başqa, HSS serverinin quraşdırılması və istifadəyə buraxılması layihəsinin icrasında bilavasitə vendor – Ericsson şirkəti də iştirak etmişdir ki, biz də məhz bu şirkətin təklif etdiyi texniki həllər üzərində dayanmağı qərara aldıq. Azercell şirkətinin mütəxəssislərinin də yüksək peşəkarlıq səviyyəsini ayrıca olaraq vurğulamaq istərdim. Məhz onların təcrübə və bilikləri sayəsində indi abunəçilərimiz şirkətimizin daha bir yeniliyindən faydalana bilirlər.