Azercell-ə nüfuzlu “Stevie” mükafatı təqdim edilib

azercell-e-nufuzlu-stevie-mukafati-teqdim-edilib
Oxunma sayı: 634

“Azercell Telekom” MMC nüfuzlu Beynəlxalq Biznes Mükafatı (İnternational Business Awards - Stevie) qaliblərinin sırasında yer alıb. Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “İnternational Business Awards 2011” müsabiqəsinin qaliblərini seçmək üçün münsiflər iki aydan çox davam edən xüsusi araşdırma aparıblar və nəhayət dünya biznes aləmində təlatüm yaradan bu müsabiqənin nəticələrini açıqlayıblar. Münsiflərin qərarı ilə Azercell Telekom “İlin Ünsiyyət və PR-kampaniyası: İcmalar ilə Əlaqələr” nominasiyası üzrə “Beynəlxalq Biznes Mükafatı”nı qazanıb. Şirkətə mükafat bu il oktyabrın 11-də Abu-Dabi-də keçirilən mərasimdə təqdim olunub. Qaliblərə 16 sm hündürlüyündə qızıldan hazırlanmış heykəlcik təqdim edilib. Bundan əlavə, mükafatçılar müvafiq sertifikat və medalla da təltif olunublar. Onu da qeyd edək ki, Azercell “Mobil Diş Klinikası” və “Uşaq Qaynar Xətti” korporativ sosial məsuliyyət layihələri və Şah Dağda yerləşdirdiyi külək və günəş enerjisi ilə işləyən stansiyası sayəsində sözügedən mükafata layiq görülüb.
Azercell hər il sosial layihələrə milyonlarla vəsait ayırır, indiyə qədər bu məbləğin miqdarı 14,7 milyon dolları ötüb keçib.

Məlumat üçün bildirək ki, “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.

Nigar Məmmədli