Azercell müsabiqəyə yekun vurdu

azercell-musabiqeye-yekun-vurdu-
Oxunma sayı: 634

13-14 aprel tarixlərində Azərbaycanda ilk dəfə olaraq keçirilən "ecaHack" müsabiqəsinin finalı baş tutub. “Qafqazinfo”nun məlumatına görə, “Azercell Telekom” MMC-nin sponsorluğu, Barama İnnovasiya Mərkəzi və “Hackathon Azerbaijan” layihəsinin təşkilatçılığı ilə reallaşan yarışmanın əsas məqsədi Azərbaycanda mobil tətbiqetmələr sahəsini genişləndirməklə ümumilikdə İKT sahəsinin inkişafına təkan verməkdir.
Bu ilin mart ayından başlamış "ecaHack" layihəsi Android əməliyyat sistemi əsasında komandalararası tətbiqetmə (application) yarışmasıdır. Beynəlxalq Münsiflər Heyətinin dəyərləndirməsi əsasında 1-ci yeri Rüfət Babakişiyevin komandasına məxsus “Afrodita”, 2-ci yeri Kamran Səmədlinin komandasına məxsus “PartySanchez”, 3-cü yeri isə Namət Məmmədzadənin komandasına məxsus “Eynşteyn” layihəsi qazanıb. Müsabiqənin qalibi seçilən layihənin müəllifləri bu ilin oktyabrında Rumıniyanın Buxarest şəhərində keçiriləcək “Global Hackathon” tədbirində özünün Android tətbiqetməsini beynəlxalq hakimlər qarşısında təqdim edəcək.
Qeyd edək ki, bu müsabiqə Şərqi Avropanın müxtəlif ölkələrində keçirilən "Global ecaHack" layihəsi çərçivəsində reallaşdırılır. Yarışmanın Rumıniyada keçiriləcək final mərhələsində 12 ölkədən iştirakçılar qatılacaq. Azercell-in dəstəyi nəticəsində ilk dəfədir ki, Azərbaycandan olan istedadlı gənclər bu beynəlxalq yarışmada ölkəmizi təmsil edəcəklər.
Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Mərkəzin köməyi və Azercell-in dəstəyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr baş tutub. Ümumdünya Startup Müsabiqəsi, “Baku TechTalks”, Elm və Texnologiya Sahibkarlığı Proqramı və digərlərinin sayəsində bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq, həmçinin onları beynəlxalq aləmdə təqdim etmək, daha böyük maliyyə dəstəyi almaq imkanını qazanıblar.