Azercell nümayəndələri Ümumdünya Mobil Konqresində

azercell-numayendeleri-umumdunya-mobil-konqresinde-
Oxunma sayı: 641

Bu nüfuzlu toplantıya dünyanın hər yerindən aparıcı mobil operatorlar, İKT şirkətləri, telekommunikasiya sahəsində lider qurumlar qatılıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycandan bu mötəbər tədbirə Azercell Telekom MMC şirkətinin nümayəndələri də qatılıblar.
Dörd gün davam edəcək konqres boyunca əsasən inkişaf edən bazarda rast gəlinən trendlərdən söz açılacaq. Hər il olduğu kimi bu dəfə də Mobile World Congress son texnoloji nailiyyətlər, yeni ideya və təşəbbüslərin səslənəcəyi məkan olacaq. Konqresin 40-dan çox sessiyasında mobil rabitənin gələcəyi, yeni texnologiyaların tətbiqi və s. məsələlər barədə fikir mübadiləsi aparılacaq. Ən nüfuzlu şirkətlərin lider və ekspertlərinin iştirakı ilə mobil rabitə sahəsində müşahidə olunan problemlər, onların həlləri ilə bağlı panellər keçiriləcək. İnteraktiv sessiyalarda mobil internet, mobil əyləncə, telekommunikasiya sahəsində innovasiyalar, statrup-lar və s. bir çox fərqli mövzularda diskussiyalar təşkil olunacaq.
“Azercell” şirkətinin nümayəndələri hər il bu tədbirdə iştirak etməklə konqres iştirakçıları ilə Azərbaycanda telekommunikasiyanın inkişafı, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatlarla bölüşürlər.

Qeyd edək ki, Mobile World Congress hər ilin fevralında Barselonada keçirilir. Tədbir çərçivəsində konfransla yanaşı sərgi də təşkil olunur. Bura dünya mobil industriyasının aparıcı isimləri qatılır, öz məhsullarını nümayiş etdirirlər. Hər il sərgidə səhiyyə, maliyyə və bank sektrunda mobil texnologiyalar, digər seqmentlərə dair stendlər təqdim edilir. Ümumilikdə sərgiyə 1500-dən çox iştirakçı qatılır.

Nigar Məmmədli