“Azərenerji” reydlərin nəticəsini açıqladı

azerenerji-reydlerin-neticesini-aciqladi
Oxunma sayı: 701

Keçirilmiş reydlərdən məlum olub ki, bir çox istehlakçılar istehlak etdiyi elektrik enerjisinin miqdarının gizlədilməsi məqsədilə enerjidən qeyri qanuni istifadə edirlər. Bu isə sonda elektrik enerjisinin itkisinin artması ilə yanaşı, ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ümumiyyətlə, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ümumi ödəniş faizinin artırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Enerji Təchizat İdarəsi üzrə cari ilin may ayında 493,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 15,9 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə 95 faizə yaxın olub ki, bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 14,7 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 157,6 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 7 faizə yaxın azdır. Ödəniş isə 94 faizə yaxın olub ki, bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 9,4 faiz çoxdur.

May ayında ümumi ödəniş üzrə 24 Elektrik Şəbəkəsində (EŞ) ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 8 EŞ-də isə 95 faizdən yuxarı nəticə əldə edilib. Ümumiyyətlə, sözügedən dövr ərzində ən yüksək göstərici “Zərdab” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 157,1%), ən aşağı isə “Xızı” EŞ-də (54,1%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 15 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 7 EŞ-də isə 95 faizdən yuxarı nəticə əldə edilmişdir. Ümumiyyətlə, sözügedən istehlakçı qrupu üzrə hesabat ayında ən yüksək göstərici “Sumqayıt” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 140,7%), ən aşağı göstərici isə yenə də “Cəlilabad” EŞ-də (67,8%) qeydə alınıb.

Qeyd edək ki, müəssisə üzrə cari ilin ötən 5 ayı ərzində ümumilikdə 2 milyard 827 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 118,9 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə 81 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 1 milyard 18,2 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz mütləq artaraq 83 faizdən artıq olub.

Beş aylıq yekununa görə, ümumi ödənişdə 1 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən (101,9%), 7 EŞ-də isə 95 faizdən yuxarı nəticə əldə edilmişdir. Ümumiyyətlə, ən aşağı göstərici “Sabirabad” EŞ-də 51,7 faiz qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 4 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən, 13 EŞ-də isə 95 faiz və ondan yuxarı nəticə əldə edilmişdir. Ümumiyyətlə, bu istehlakçı qrupunda sözügedən dövr ərzində ən yüksək göstərici “Şirvan” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 105,2%), ən aşağı isə “Sabirabad” EŞ-də (40,9%) qeydə alınıb.

Nigar Məmmədli