“Azərenerji”də müsabiqə-baxış yekunlaşıb

azerenerjide-musabiqe-baxis-yekunlasib
Oxunma sayı: 955

"Azərenerji" ASC-nin mətbat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Səhmdar Cəmiyyətlə onun Vahid Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış kollektiv müqavilə əsasında keçirilən müsabiqə-baxışda elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji təchizatı müəssisələri və sahə xidmət təşkilatları iştirak edirlər. Müəssisələr tərəfindən təqdim olunan sənədlər, iş yerlərinə keçirilən baxışlar əsasında təşkilat komissiyasına müvafiq arayışlar təqdim olunur.

Qeyd edək ki, budəfəki müsabiqə-baxışda müəssisələr tərəfindən təqdim olunan sənədlərin təhlili ilə yanaşı, həm də son zamanlar "ISO 9001/14000 Beynəlxalq Standartlar"ın tələblərinə əsasən görülən işlər, əməyin mühafizəsi xidmətinin arayış və məlumatları, müvafiq idarələrin təklifləri nəzərə alınıb. Komissiya qalib müəssisələri müəyyənləşdirib.

Yeri gəlmişkən, 2010-cu ilin yekunlarına görə, enerjinin istehsalı müəssisələri arasında “Şəki Elektrik Stansiyası” birinci yerə layiq görülüb. “Səngəçal Elektrik Stansiyası” və “Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi” isə ikinci yeri bölüşüblər.
Elektrik enerjisinin ötürülməsi müəssisələri arasında “Abşeron Regional Elektrik Şəbəkəsi” (REŞ) birinci yeri tutub. “İmişli” və “Şəki” REŞ-lər isə ikinci yerdə bərqərar olublar.

Enerji təchizatı müəssisələri və sahə xidmət təşkilatları arasında birinci mükafatın sahibi Hərbiləşdirilmiş Mühafizə Dəstəsi olub. İkinci yeri “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” və “Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi” tutublar.

Nigar Məmmədli