“Azərişıq” daha bir yenilik etdi

azerisiq-daha-bir-yenilik-etdi
Oxunma sayı: 643

“Azərişıq” ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyətindən dörd ilə yaxın vaxt keçir.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu müddət ərzində vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də may ayının 18-dən başlayaraq Səyyar “ASAN Kommunal Xidmət” vasitəsi ilə Bakının Xəzər rayonunda gerçəkləşir.

Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması  “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir. 

Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş Səyyar “ASAN Kommunal Xidmətə”  sənədlərini təqdim edir.Qeyd olunan  obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir.Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları  operativ  göstərilən ünvana yollanır, vətəndaşın  obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün  sayğac qurlaşdırılır.

Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü  ərzində həllini tapır,şəffaflıq tam təmin olunur.

Qeyd edək ki, “ASAN Xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. 
Eyni zamanda  abonentlərin elektrik enerjisinə  ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur.