“Azərişıq” qərb regionunda yenidənqurma işləri aparır

azerisiq-qerb-regionunda-yenidenqurma-isleri-aparir
Oxunma sayı: 938

“Azərişıq” ASC ölkə üzrə bütün abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatında yüksək nəticələr əldə etməkdədir. 

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, ölkənin qərb bölgəsində də istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin ötən aylarında irimiqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu yenidənqurma işlərinin sayəsində Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) “Aqropark” hava xətti də var.

“Tam tikilib istifadəyə verilən bu xəttin sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Çünki orta və iri fermer təsərrüfatlarının, emal və qablaşdırma müəssisələrinin, soyuducu anbarların və digər infrastruktur obyektlərinin elektrik enerjisi ilə tam dayanıqlı təchizatı təmin olunacaq. Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, 10 kV-luq dayaqlar  quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb"-T.Mustafayev görülən işlər haqda danışıb.

Onun bildirdiyinə görə rayonun qəsəbə və kəndlərdə yeni KTM-lər quraşdırılıb, dəmir-beton dayaqlar basdırılıb və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 20 min 765 metr məsafədə kabelləşmə işi aparılıb.

“Cəbhəyanı olan  kəndlərdə də hazırda yenidənqurma işləri davam etdirilir"-T.Mustafayev deyib.