“Azərişıq” qışa tam hazırdır

azerisiq-qisa-tam-hazirdir
Oxunma sayı: 814

"Azərişıq" ASC qış aylarında istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları üçün bir sıra tədbirlər həyata keçirib. 

"Qafqazinfo" xəbər verir ki, dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallar, avadanlıqlar, maşın-mexanizmləri tədarük edilib. Hazırda bütün yarımstansiyalarda cari təmir işləri başa çatdırılır.  24 saat çağrı mərkəzi fəaliyyət göstərir və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər.

Ötən 12 ildə "Azərişıq" ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib. Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12900 meqavoltamperə çatdırılacaq.

Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb. 

“Azərişıq” ASC tərəfindən regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3260 ədəd 10-6 kV-luq yarımstansiyalar inşa edilib, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. Bütün bunlar əsas verir ki, cari payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin istehlakçılara göstərdiyi xidmətin səviyyəsi əvvəlki illərdən fərqlənəcək. Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək