“Azərişıq” Şimal-Qərb regionuna mediatur təşkil edib

azerisiq-simal-qerb-regionuna-mediatur-teskil-edib
Oxunma sayı: 1114

"Azərişıq" ASC 20 oktyabr "Energetiklər günü" münasibətilə Şimal-Qərb regionuna mediatur təşkil edib.

"Qafqazinfo" xəbər verir ki, mediatura 30-a yaxın jurnalist qatılıb. Turun ilk günü “Şimal-Qərb” RETSİ-də qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq olub. İlk olaraq jurnalistlər Qobustan rayonunda görülən işlərlə tanış olub. Daha sonra isə, Şamaxı rayonu Sabir qəsəbəsinə yollanıblar. Burada media nümayəndələri qəsəbənin 10/04 kilovoltluq hava xətlərinə, 2 qəsəbə və 8 kəndə xidmət edəcək 35/10 kilovoltluq “Yeni Şamaxı” yarımstansiyasına çəkiləcək iki dövrəli 35 kilovoltluq hava xəttinə və 35/10 kilovoltluq “Meysəri” yarımstansiyasından çıxan iki dövrəli 10 kilovoltluq “Şirvan şərabları” hava xəttinə baxış keçiriblər.

Jurnalistlərə baxış keçirilən sahələr barədə, eləcə də rayonda qışa hazırlıqla bağlı görülən işlər haqında məlumat verilib. Şimal-Qərb regional enerji təchizatı və satışı üzrə şöbənin rəisinin istismar üzrə müavini Nüsrət Həmkişiyev bildirib ki, yeni tikilən yarımstansiyadan Qobustan rayonunun enerji təchizatı da təmin edilməlidir: “Yəni bu xəttin yarımstansiyaya 110/35/10 kv-luq Şamaxı yarımstansiyasından ikidövrəli 35kv-luq yeni xətt çəkilib. Yarımstansiyanın tikilişi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə aparılır. İndiyə qədər bütün bu yarımstansiyadan qidalandırılan yaşayış məntəqələrinin 10 kv-luq və 0,4 kv-luq şəbəkəsi yenidən qurulmuşdur. Həmin kəndlərə 10 kv-luq yeni xətlər çəkilib. Şamaxı elektrik şəbəkəsində mərhələli olaraq yenidənqurma işləri aparılır. 10/0,4 kilovoltluq 392 ədəd transformator cari, 34-ü isə əsaslı təmir edilib. 110/35/10 kilovoltluq Şamaxı, habelə Pirqulu, Çarhan, Çuxuryurd, Meysəri yarımstansiyalarından çıxan hava xətlərində 252 ədəd yeni beton və dəmir-beton dayaqlar basdırılmaqla, 12,6 kilometrdə təmir və yenidənqurma işləri aparılıb. 16 qəsəbə və kənddə 12 min 744 kilometr məsafədə ötürməyə davamlı izolyasiyalı naqillər çəkilib".

Daha sonra jurnalistlər İsmayıllı rayonuna gəliblər. Burada 35/10 kilovoltluq yeni Basqal yarımstansiyasına, bu xətdən çıxan 2 dövrəli 10 kilovoltluq yeni Basqal xəttinə baxıblar. Burada media nümayəndələrinə yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda İsmayıllı elektrik şəbəkəsi üçün tikilən yeni bina ilə də tanışlıq olub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu, onların regiona təşkil etdikləri ilk infoturdur: “Lakin düşünürük ki, hər ay bu kimi turları təşkil edək. Məqsədimiz “Azərişıq” ASC-nin yarandığı gündən gördüyü işlər barəsində ictimaiti məlumatlandırmaqdır. Eyni zamanda qarşıdan qış fəsli gəlir və bu fəsilə hazırlığın hansı səviyyədə aparıldığını da media nümayəndələrinə real şəkildə göstəririk".