“Azərsu” gənclərə Türkiyədə təlim keçdi

azersu-genclere-turkiyede-telim-kecdi
Oxunma sayı: 655

“Azərsu”dan “Qafqazinfo”ya verilən məlumata görə, inşasına 2011-ci ilin oktyabrında başlanılmış, 2012-ci ilin sonuna qədər istismara veriləcək yeni laboratoriyada ABŞ, Almaniya və digər ölkələrin istehsalı olan ən son texnoloji avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın tikintisi ilə paralel həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlanılıb.

Bu məqsədlə "Azərsu" ASC-də çalışan 20 gənc mütəxəssis - mühəndis, kimyaçı-mühəndis və bioloq Türkiyənin İstanbul Su Kanal İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində 1-21 iyul tarixlərində Türkiyə Respublikasına ezam olunublar. 3 həftəlik təlim müddətində ASC-nin əməkdaşları İSKİ-nin sutəmizləyici və çirkab sutəmizləyici qurğularında olub, burada proseslərin gedişi barədə ətraflı bilgi əldə edib, İSKİ-nin mərkəzi laboratoriyasında analizlərin aparılmasında iştirak ediblər. Eyni zamanda, laborator analizlərin aparılması, istifadə olunan cihazların iş prinsipi ilə bağlı Türkiyənin tanınmış professorları tərəfindən nəzəri mühazirələr təşkil olunub, həmçinin İSKİ-nin ən təcrübəli mütəxəsisləri tərəfindən treninqlər keçirilib, mütəxəssislərin istehsalat sahələri ilə əyani şəkildə tanış olması üçün lazımi şərait yaradılıb.

Təlim müddətində mütəxəssislər hazırda inkişaf etmiş ölkələrdə içməli suyun təmizlənməsində tətbiq olunan membran texnologiyası ilə analizlərin aparılması və suyun təmizlənməsi prosesləri ilə tanış olublar. Bu sahədə böyük təcrübəsi olan türkiyəli mütəxəssis Həsən Sarıqaya azərbaycanlı mütəxəssislərə membran texnologiyası barədə geniş bilgilər verildiyini bildirib: "İlk qrup kimyaçılardan ibarət olduğundan laboratoriya məsələlərinə üstünlük verdik. Mütəxəssislər laboratoriyalarda, təmizləyici qurğularda oldular və onlara qurğularda iş prosesi barədə ətraflı məlumat verildi. İçməli suyun təmizlənməsində ən müasir texnologiyalardan sayılan membran texnologiyasının incəlikləri izah edildi. Membranların mahiyyəti, çeşidləri, tətbiqi barədə "Azərsu" ASC-nin əməkdaşlarına bilgilər verildi. Belə təlimlərin keçirilməsinin bir çox üstünlükləri var. Çünki təlimlərdə iştirak edənlər burada qazandıqları bilik və bacarıqları Azərbaycanda digər əməkdaşlarla paylaşacaq və bununla da yeni texnologiyaları mənimsəyən mütəxəssislərin əhatə dairəsi genişlənəcək".

İçməli su ilə yanaşı, çirkab suların da müasir üsullarla təmizlənməsi texnologiyası ilə tanış olan azərbaycanlı mütəxəssilərə həmin suların təmizlənib zərərsizləşdirildikdən sonra suvarma, balıqçılıq sahələrində işlədilməsi təcrübəsi barədə də məlumat verilib. Təlim müddətinin sonunda "Azərsu" ASC-nin əməkdaşları imtahan edilib və onların hamısı uğur qazanıb.

Qeyd edək ki, ASC-də təsdiq olunmuş Təlim proqramına uyğun olaraq, kadrların bilik və peşə təcrübəsinin artırılması məqsədilə əməkdaşların, xüsusən də gənc mütəxəssislərin xarici ölkələrə təlim kurslarına göndərilməsi davam etdiriləcək. Növbəti mərhələdə energetika və mexanika sahəsində çalışan işçilər İstanbul Su Kanal İdarəsində təlim kurslarına göndəriləcək.