Azərsu pilot layihələr həyata keçirir

azersu-pilot-layiheler-heyata-kecirir
Oxunma sayı: 639

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” dövlət proqramı çərçivəsində əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində icra edilən pilot layihə yekunlaşıb. İcrasına 2012-ci ilin iyul ayında başlanmış pilot layihə çərçivəsində Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində 28 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi tamamilə yenidən qurulub. Bununla da 4571 nəfər sakin (1187 abunəçi) 24 saat fasiləsiz rejimdə içməli su ilə təmin olunub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin istismar üzrə müavini Köçərli Həsənov pilot layihə çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, magistral şəbəkə və su anbarında, eləcə də binadaxili sistemlərdə əsaslı yenidənqurma işləri aparılıb. Yaşayış binalarını içməli su ilə təmin edən su-nasos stansiyası və uzun müddət istifadəsiz qalmış 2000 kubmetr tutumu olan su anbarı əsaslı təmir edilərək hidrofor sistemi ilə təchiz edilib: “Layihə çərçivəsində ərazini içməli su ilə təmin edən və uzun müddətdir istismarda olan 2,3 km uzunluğunda metal borulardan ibarət magistral xətt polietilen borularla əvəzlənib. Su anbarının girişində və nasos stansiyasının çıxışında su sayğacları quraşdırılıb ki, bunun da nəticəsində verilən suyun dəqiq uçotunun aparılması mümkün olub.”

Binaların zirzəmilərində təxminən 25-30 il əvvəl çəkilmiş aşağı paylayıcı şəbəkə və mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilib. Supaylayıcı xətlər pilləkən qəfəsələrinə çıxarılaraq binaların su təchizatı sistemləri tamamilə yenidən qurulub. Ümumilikdə 13,5 km uzunluğunda müxtəlif diametrli polietilen borularla binadaxili su xətləri çəkilmiş, mənzillərə 1187 ədəd birləşmə verilərək smart-kart tipli su sayğacları, yanğın təhlükəsizliyini təmin etmək üçün isə 5 ədəd yanğın hidrantı quraşdırılıb.

Magistral və binadaxili su xətlərinin yenidən quraşdırılması nəticəsində su itkisinin qarşısı tam alınıb, binaların zirzəmilərindəki antisanitar vəziyyət aradan qaldırılıb. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların nəzarətdə saxlanmasını və texniki xidməti asanlaşdırılıb. Ümumilikdə pilot layihənin icrası nəticəsində;

- Su təchizatının 24 saatlıq rejimlə təmin edilməsi,
- Su itkilərin qarşısının tam olaraq alınması,
- Yığım səviyyəsinin yüksəldilməsi,
- Su təchizatında məsrəflərin ( enerji, əmək və s.) minimuma endirilməsi,
- Uçot və nəzarət işinin təşkilində, xidmət haqlarının yığılmasında insan amilinin aradan qaldırılması.
- Binalarda sanitar vəziyyətin yaxşılaşdırılması,
- Binaların zirzəmilərinə su axıntısının qarşısının alınması və tikililərin texniki təhlükəsizliyinin təmin edilməsi mümkün olub.

K. Həsənov pilot layihənin uğurla həyata keçirildiyinin xatırladaraq, həmin işlərin paytaxtın digər rayonlarında da həyata keçiriləcəyini vurğulanıb. Artıq Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Yasamal, Binəqədi, Nərimanov, Sabunçu rayonlarında çoxmərtəbəli yaşayış binalarının fasiləsiz içməli su ilə təmin edilməsi üçün belə layihələrin həyata keçirilməsinə başlanılıb.