“Azərsu” sədri vətəndaşlarla görüşüb - Foto

azersu-sedri-vetendaslarla-gorusub
Oxunma sayı: 1501

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 16 aprel 2019-cu il tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Şamaxı Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarından olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.