“Azərsu” Siyəzəndə yenidənqurma işlərinə başlayıb

azersu-siyezende-yenidenqurma-islerine-baslayib
Oxunma sayı: 640

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Səhmdar Cəmiyyətin hazırladığı tədbirlər planına uyğun olaraq “Siyəzən Sukanal” İdarəsinin balansında olan 1 və 2 saylı, həmçinin Dəmiryolu nasosxanalarında istismar müddətini başa vurmuş nasos və avadanlıqlar yenisi ilə əvəzlənib.

Bərpa və yenidənqurma tədbirləri çərçivəsində həm 1, həm də 2 saylı nasosxanalarda elektrik avadanlıqları da daxil olmaqla bir komplekt, Dəmiryolu nasosxanasında isə 2 ədəd yeni nasos quraşdırılıb. Bunlarla yanaşı nasosxanalardan vurulan suyun normal paylanması üçün 159 mm diametrli təzyiqli xətlər çəkilib. Yenidənqurma işləri çərçivəsində 25-dən artıq siyirtmə quraşdırılıb ki, bu da suyun istehlakçılar arasında normal paylanmasına şərait yaradacaq. Bütövlükdə Siyəzən şəhərində görülən işlər su təchizatında qeydə alınan fasilələrin aradan qaldırılmasına və abunəçilərin dayanıqlı içməli su təchizatına imkan verəcək.

Qeyd edək ki, Siyəzən şəhərində 1960-cı illərdə qurulmuş nasosxanalardakı qurğu və avadanlıqların əksər hissəsinin istismar müddəti başa çatıb.

Nigar Məmmədli