“Azərsu” Yaponlarla işləyəcək

azersu-yaponlarla-isleyecek
Oxunma sayı: 646

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya Hökumətinin və şirkətlərinin iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib: “Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərində işlərə başlanılıb, Yevlax, Bərdə, Naftalan və Qobustan şəhərləri üzrə isə tender prosedurları yekunlaşmaq üzrədir. 2012-ci ilin sonuna qədər bu 4 şəhərdə də işlərə başlanılacaq”.

Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən YBƏA-nın Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru Tetsuya Yamada qeyd edib ki, təmsil etdiyi qurum su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin uğurla icrası üçün dəstəyini əsirgəməyəcək. Görüşdə görülən işlərin və prosedurların sürətləndirilməsi, layihələrdə ən son texnologiyanın tətbiqi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 7 şəhər və rayon mərkəzinin (Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə və Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Nigar Məmmədli