“Azərsu”da iclas keçirilib

azersuda-iclas-kecirilib
Oxunma sayı: 2173

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, ötən dövrdə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata  keçirilib:

“Cari ilin fevral ayında Mingəçevir, may ayında isə Xaçmaz və Xızı şəhərlərində, eləcə də Altıağac qəsəbəsində içməli su layihələrinin icrası yekunlaşıb. Bununla da  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya, 11-də isə su şəbəkələrinin inşası başa çatıb.

Həmçinin dövlət investisiya layihəsinə əsasən içməli su çatışmazlığının  müşahidə edildiyi 19 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 205 km-ə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 617 bulaq quraşdırılıb. İndiyədək  14 kəndə su verilib və 25 mindən çox sakininin içməli su problemi həllini tapıb”.

“Azərsu” ASC-nin sədri daha sonra qeyd edib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 818 km içməli su, 257 km kanalizasiya xətləri çəkilib, 24 ədəd subartezian quyusu qazılıb. Fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8 faiz, Bakı şəhəri üzrə 81,5 faiz  təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi isə 80,7 faizə yüksəlib.

Bildirilib ki, 2019-cu ildə Abşeron yarımadasında  yeni su və kanalizasiya layihələrinin icrasına xüsusi diqqət  yetiriləcək.

İclasda son olaraq tapşırıqlar verilib və il sonuna kimi yekunlaşdırılması planlanan işlərdən danışılıb.