““Azərsun”un tam nəzarətinə verilsəydi, əsl fəlakət olardı”

““Azərsun”un tam nəzarətinə verilsəydi, əsl fəlakət olardı”
Oxunma sayı: 3941

Bu il ilk dəfə olaraq, bazarımızda bazar qanunlarının işlədiyinin şahidi oluruq. İlk dəfədir ki, mövsümü gələn – yəni tələbat artan məhsulun bahalaşmadığını, əksinə bir qədər də ucuzlaşdığını görürük. Söhbət şəkər tozundan gedir. O məhsuldan ki, illər boyudur hər yay gələndə - qış hazırlıqları mövsümü başlayanda ən azı 10-15 faiz bahalaşırdı. Və bəlkə də dünyada yalnız bizdə belədir: mövsümü gələn məhsulun qiyməti qaldırılır. Halbuki bazar qanunlarının işlədiyi ölkələrdə belə hallarda tələbat artan məhsulun qiymətini bir qədər endirirlər ki, daha çox müştəri cəlb edib, daha çox məhsul satsınlar.

"Qafqazinfo" xəbər verir ki, indiyədək Azərbaycanda biz bunun tam əksinin şahidi olmuşuq – çünki bazarımızda qaydaları bazarın özü deyil, onu hissələrə bölüb inhisarına alan qruplar diqtə edib. Konkret şəkər tozu bazarının çox əhəmiyyətli hissəsi – istehsal bütünlüklə, idxalın də böyük payı “Azərsun” şirkətinin nəzarətində olub. İstehsalda indi də bu şirkət təkdir – Azərbaycanda şəkər tozu yeganə olaraq “Azərsun”un İmişlidəki zavodunda istehsal olunur. Lakin ötən ildən etibarən idxaldakı monopolizmin aradan qaldırılması sayəsində artıq bu şirkət şəkər tozu bazarında hökmran mövqedə deyil. Bu üzdən də bazarı elə bazar qanunları idarə edir – mövsüm gələndə qiymət qalxmır, əksinə, enir. Nəticədə, may ayından bəri şəkər tozunun hər kiloqramında 5-6 qəpiklik azalma var – 1,23-1,25 manatdan 1,17-1,19 manata düşüb. Bəlkə də bu azalma kimlərəsə kiçik, əhəmiyyətsiz görünə bilər, amma əvvəla, bu,yay boyu qış üçün mürəbbə-kompot hazırlayan ailələrin büdcəsində hiss olunur. Ən əsası isə azalmanın həcmi deyil, faktın özüdür.

Tam əminəm ki, “Azərsun”un ölkəyə şəkər tozu idxalına əlavə rüsum tətbiq kimi ifrat monopolist istəyi reallaşmış olsaydı, indi yenə əvvəlki kimi bu məhsulu mövsümqabağı olandan azı 5-6 qəpik baha qiymətə alacaqdıq. 

Xatırladım ki, ötən ilin sentyabrında hökumət yerli istehsalı daxili tələbatı artıqlaması ilə ödəyən, ən əsası isə bir deyil, bir neçə istehsalçısı olan bəzi məhsulların idxalına əlavə rüsum tətbiq etdi. Bu qərardan az sonra “Azərsun Holding”in rəhbəri Abdolbari Gözəl bəyan etdi ki, onlara bazarda tək rəqib olan Ukrayna məhsulunun ölkəyə idxalına əlavə rüsum tətbiq olunması xahişi ilə hökumətə müraciət ediblər. Hökumətdən səs çıxmadığını görən şirkət rəsmiləri bir neçə aydan sonra təklifləri barədə yenə danışdılar. Bildirdilər ki, istehsal etdikləri bir neçə yerli məhsulun idxalına əlavə rüsum tətbiq olunması üçün hökumət və Dövlət Gömrük Komitəsinə müraciət ediblər. İkinci dəfə eyni məsələnin qabardılması şirkətin istəyinə çatmaq üçün fəaliyyətini dayandırmadığını göstərir.

Şükür ki, hökumətdəkilər “Azərsun Holdinq”in ifrat monopolist marağından irəli gələn təklifinə müsbət cavab verməməyin daha doğru yol olduğunu anlayıblar. Əksi olub, şəkər tozu bazarı bütünlüklə “Azərsun”un nəzarətinə verilsəydi, istehlakçılar üçün əsl fəlakət olardı. Bir istehlakçı kimi, bu şirkətin istehsalı olan şəkər tozunun keyfiyyətindən çox narazıyam və hökumətin məni kimi digər on minlərlə istehlakçını o məhsula məcbur buraxmasını təsəvvür etməyə belə çəkinirəm…

Sadə bir həqiqət var: Azərbaycanda şəkər tozunun tək istehsalçısı “Azərsun”dur. Tək – rəqibsiz istehsalçı - tək monopolist deməkdir. Bu kimi hallarda isə qiymət və keyfiyyəti bazarın deyil, satıcı-monopolistin təyin etməsi aksiomdur. Bir istehsalçıya məcbur qoyulan alıcının seçim imkanının olmayacağı, tək satıcının isə bu şəraitdən öz maraqları naminə bəhrələnib qiymət və keyfiyyətlə istədiyi kimi oynayacağı da həmçinin. 

Çox istərdim ki, digər əsas tələbat məhsulları bazarında da bazar qaydaları işləsin. Yaşasın, bazar qaydaları ilə işləyən azad bazar. 

Dünya Sakit


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi