AZƏRTAC “Microsoft”la əməkdaşlıq edəcək

azertac-microsoftla-emekdasliq-edecek
Oxunma sayı: 1257

AzərTac və “Microsoft” şirkəti lisenziyalı proqram təminatlarının təşviqi, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, informasiya təhlükəsizliyi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələlər AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun “Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov və qurumun biznesin inkişafı üzrə meneceri Kənan Axundov ilə görüşündə müzakirə olunub.

AzərTac-ın öz fəaliyyətində texnoloji innovasiyaların və müasir informasiya təminatı həllərinin tətbiqinə böyük önəm verdiyini vurğulayan Aslan Aslanov agentliyin bu istiqamətdə dünyanın aparıcı KİV-ləri ilə əməkdaşlıq etdiyini deyib. Baş direktor agentliyin “Microsoft Azərbaycan” şirkəti ilə sıx əlaqələrin qurulmasına, informasiyanın qorunması, lisenziyalı proqramların istifadəsinin cəmiyyətdə təşviqi və bununla bağlı informasiya dəstəyinin verilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov təmsil etdiyi qurumun Azərbaycanda hazırkı fəaliyyəti və görüləcək işlər barədə məlumat verərək AZƏRTAC ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.