“AzerTelecom” “Microsoft”un rəsmi tərəfdaşı oldu

azertelecom-microsoftun-resmi-terefdasi-oldu
Oxunma sayı: 724

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dünya üzrə tanınmış şirkətlərlə tərəfdaşlıq əlaqələrini genişləndirir.

“Qafqazinfo” xəbər verir ki, ölkənin telekommunikasiya sektorunda artıq 10 ildən çoxdur fəaliyyət göstərən və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən “AzerTelecom” şirkəti İKT sektorunun qlobal iştirakçılarından biri olan tanınmış Microsoft şirkətinin rəsmi tərəfdaşı olub.

“Microsoft” şirkəti ilə tərəfdaşlıq “AzerTelecom” tərəfindən korporativ sektorda müştərilərə ən müxtəlif İT xidmətlərin, məhsul və qabaqcıl həllərin təqdim edilməsinə şərait yaradır. Bu tərəfdaşlıq imkan verir ki, “AzerTelecom” öz müştərilərinə “Azure” (bulud üzərindən həllər), “Microsoft 365” (korporativ müştərilər üçün zəruri məhsullar toplusu), “Microsoft Windows” (Server və User) məhsulu, Vahid Ünsiyyət – Microsoft Teams (Unified Communication), “Office 365” (İstifafdəçilər üçün müxtəlif iş alətləri) və s. məhsul və həlləri təqdim etsin.

Qeyd edək ki, həmçinin “Microsoft” şirkətinin Server Node avadanlığı “AzerTelecom” şirkətinin Data Mərkəzində də yerləşdirilib. Müvafiq avadanlığın AzerTelecom şirkətinin Data Mərkəzində yerləşdirilməsi Microsoft korporasiyasının proqram təminatının yeniləmələrinin burada cəmlənərək müştərilərə çatdırılmasını təhlükəsiz, sürətli və fasiləsiz həyata keçirir. Bu zaman müştərilər proqram təminatını mütəmadi yeniləyərkən Avropada və ABŞ-da yerləşən serverlərdən deyil, məhz Azərbaycandakı xüsusi təhlükəsizlik tələblərinə cavab verən və Microsoft-un Data Mərkəzləri ilə sinxronlaşdırılan serverlərdən daha sürətli əldə edə biləcəklər.