AzMİU-da memar Davud Axundovun 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

azmiu-da-memar-davud-axundovun-100-illik-yubileyine-hesr-olunmus-konfrans-kecirilib
Oxunma sayı: 1867

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanın görkəmli memarı, memarlıq doktoru, professor Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Respublika Dövlət Mükafatı laureatı Davud Axundovun anadan olmasının 100  illiyinə həsr edilmiş “Memarlıq irsinin tədqiqi və mühafizəsi” adlı elmi - praktiki konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə ərsəyə gələn konfransda başqa ölkələrdən gələn qonaqlar da iştirak edib. Konfransda Qafqaz Albaniyasının memarlıq irsi, Azərbaycanın memarlıq abidələrinin tədqiqi və qorunmasının aktual problemləri, memarlıq abidələrinin müasir şəraitdə istifadəsi və s. məsələlər müzakirə olunub. Konfrans iştirakçıları əvvəlcə D.Axundovun Memarlıq fakültəsinin foyesində hazırlanmış layihələrindən, elmi araşdırmalarından, kitablarından ibarət sərgiylə tanış olublar. 

Konfransı giriş nitqiylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb. Rektor Davud Axundovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli alimin həyat yoluna nəzər salıb.

Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin sədri, professor Elbay Qasımzadə, Mədəniyyət və Turizm nazirinin müavini, professor Sevda Məmmədəliyeva, AMEA Memarlıq və İncəsənət İnstitunun direktoru, professor Ərtegin Salamzadə, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin professoru Muhammed Əhmədov çıxış edib, Davud Axundov haqqında xatirələr söyləyiblər, xoş sözlər səsləndiriblər. Çıxışlardan sonra alimin ailə üzvləri adından oğlu Cəmil Axundov çıxış edərək atasının xatirəsini ehtiramla anan Universitet rəhbərliyinə, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

Konfrans öz işini bölmə iclasında davam etdirib.