AzMİU-da universitet rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib

azmiu-da-universitet-rehberlerinin-istiraki-ile-deyirmi-masa-kecirilib
Oxunma sayı: 1170

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetindən gələn nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, dəyirmi masada İTU rektoru, professor Mehmet Karacanın “İTU nümunəsində XXI əsrdə universitetlərin dünəni, bu günü və sabahı” mövzusunda məruzəsi ətrafında maraqlı müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu gün universitetdə keçirilən görüşün mühüm əhəmiyyətini vurğulayıb, həmkarlarını İTU-nun təcrübəsini öyrənməyə səsləyib.  

Dəyirmi masada geniş məruzə ilə çıxış edən İTU rektoru Mehmet Karaca müasir dünyanın tələblərinə uyğun olaraq bu gün təhsilin forma və məzmununun dəyişdiyini, yeni biznes strukturlarının yaradılması ideyasının ortaya çıxdığını, təhsil alanların biznes ideyalarının gerçəkləşməsi üçün startap layihələrinin önəmini vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov,  Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor  Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və digərləri ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını, gənclərin bu sahəyə marağının artdığını bildiriblər, ali təhsil ocaqlarında texnoparkların yaradılmasnda ortaya çətinliklərdən danışıblar.    

Müzakirələr zamanı İTU-nun rektoru texnopark ənənəsinin öyrənilməsində Azərbaycan universitetlərinə dəstək götərməyə hazır olduğunu bildirib, universitet rəhbərlərini və təmsilçilərini İTU Texnoparkının fəaliyyətini izləmək və təcrübəsini öyrənmək üçün Türkiyəyə dəvət edib.