AzStand Avropa təşkilatı ilə saziş imzaladı

AzStand Avropa təşkilatı ilə saziş imzaladı
Oxunma sayı: 402

Avropa Standartlaşdırma Komitəsi (CEN) ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) arasında “tərəfdaş standartlaşdırma orqanı” statusuna dair Saziş imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, Avropa Standartlaşdırma Komitəsinə tərəfdaş üzv olmaqla Azərbaycan Standartlaşdırma İnstitutu Avropa standartlarına maneəsiz çıxış əldə etmək, milli standartların Avropa standartları ilə harmonizasiyası, qəbul edilmiş Avropa standartlarının yayımı, eləcə də Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasının iclaslarında,  texniki komitələrində müşahidəçi statusunda iştirak, eyni zamanda, standartların hazırlanması prosesində rəy və təkliflər vermək, təşkilat tərəfindən hazırlanmış standartlar toplularından açıq istifadə etmək imkanları qazanır. 

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən təsis olunub. 

Fərmana əsasən İnstituta milli standartlaşdırma qurumu kimi beynəlxalq təşkilatlarda üzvlük və beynəlxalq müqavilələr bağlamaq hüququ verilib. Qurumun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir. İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və  sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi