AzTV-nin İbrahim Məmmədov müəmması

aztv-nin-ibrahim-memmedov-muemmasi
Oxunma sayı: 12309

 

“AzTV-nin sədri, deputat Arif Alışanov televiziyada sədr müavini vəzifəsində çalışan İbrahim Məmmədovu bu gün işdən çıxarıb”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Reaksiya.az saytı yayıb.

Sayt məlumatı dəqiqləşdirmək üçün AzTV sədrinin köməkçisi Fərman Orucovla əlaqə saxlayıb. F.Orucov İbrahim Məmmədovun rəsmən işdən çıxarılması xəbərini təsdiq etməyib: “Sədr müavininin işdən uzaqlaşdırılması haqda mütləq ölkə başçısının sərəncamı olmalıdır. Hələlik isə belə sərəncam yoxdur”.

“Yeni Müsavat” isə xatırladır ki, İ.Məmmədovun məzuniyyətə göndərildiyi bildirilir. AzTV sədrinin müavininin məzuniyyəti sentyabrın 15-də bitir. O, həmin gün işə çıxmalıdır. Daha öncə İ.Məmmədovun kabinetinin əlindən alınması, kanal rəhbərliyi tərəfindən öz hesabına məzuniyyətə göndərilməsi də yayılan xəbərlər sırasında idi. Amma məzuniyyətdə olduğu dönəmdə İ.Məmmədov bir neçə dəfə “Azərbaycan” qəzetində müəllif yazısı ilə çıxış edib. Bunlardan sonuncusu 10 sentyabr 2015-ci ildə yayımlanan “Realist nikbinlik” adlanan məqalədir. Həmin məqaləsində İ.Məmmədov prezident İlham Əliyevin sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirəsini təhlil edib.

“Yeni Müsavat” isə AzTV sədrinin müavininin yazılarına yer verən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla bu barədə danışdı. B.Sadıqov dedi ki, əvvəla, bu, İ.Məmmədovun köşə yazısı deyil: “İbrahim Məmmədov da köhnə jurnalistdir, mən də. Bir-birimizi də tanıyırıq. Yazısı var idi, siyasi, aktual mövzuda yazmışdı, dərc etdik. Mən İbrahim Məmmədovla AzTV rəhbərliyi arasında hər hansı ziddiyyət olduğunu bilmirəm. Buna da inanmıram. Qəzetlər hər gün nəsə sorğu-sual yazırlar, filankəsi çıxarır, o birini onun yerinə qoyurlar. İnanmıram ki, hər hansı ziddiyyət olsun”.

Müsahibimiz İ.Məmmədovun yazısının qəzetdə dərc olunmasında da qeyri-adi heç nə görmür: “Sizə də deyirəm, sizin bizim qəzetdə gedəsi yazınız varsa, verin, çap edək. Elə mövzuda yazılar veririk. Hər redaktorun zövqü var. Redaktorluq zövqdür. Redaktorda olan səlahiyyət heç kimdə yoxdur. Bir şedevr olsun, versinlər, xoşum gəlməsə, onu yayımlamayacam. Və yaxud da bir yazıdan xoşum gəlmir. Deyirəm ki, 3 gün qabaq belə yazı dərc edilib, vermirəm. Redaktor həm də yaxşı yazı vermək istəyir. Dostlar yazı verəndə deyir ki, əl vurma. Amma deyirəm ki, siz bu günə qədər görmüsüz ki, səhvi düzəltməyim, ya da düz yazını səhv verim? Qələm əlində yazı oxuyanda yadıma düşmür ki, kim nə xahiş edib”.

B.Sadıqov İ.Məmmədova yazısına görə qonorar ödəmədiyini dedi. Müsahibimizdən “İbrahim Məmmədovla aranızda yazıyla bağlı hər hansı anlaşmanız varmı? Həftədə neçə yazı verir” deyə soruşduq. Dedi ki, İ.Məmmədov onun işçisi olsaydı, aralarında anlaşma imzalayar və həftədə neçə dəfə yazacağı ilə bağlı qərar verərdi: “O, mənim işçim deyil. Ona görə də elə anlaşmamız yoxdur. Qonorar vermirik. Siz bəyəm hər yazıya qonorar verirsiz? Elədirsə, sizə hər gün müsahibə, açıqlama verirəm. Qonorarımı niyə vermirsiz?" (Gülür)