2020-ci il olimpiadasında ən çox Bakı və İstanbulun adı hallanır

-2020-ci-il-olimpiadasinda-en-cox-baki-ve-istanbulun-adi-hallanir-
Oxunma sayı: 650

“Reuters” agentliyinin xəbərinə görə, Roma maliyyə problemindən dolayı 2020-ci ildə keçiriləcək Olimpiadaya ev sahibi olmaq fikrindən daşınmaqdadır. Beləliklə, bu mötəbər yarışa ev sahibliyi etmək istəyənlərin sayı beşə enib. Tokio, Madrid, İstanbulla yanaşı Doha və Bakı da bu seçimdən qalib çıxmağa çalışır. “Beynəlxalq Olimpiada Komitəsi bundan sonra seçiminə xüsusi diqqət verəcək. Romanın imtinasından sonra başqa cür ola da bilməz .” Adının çəkilməsini istəməyən komitə yetkilisi agentliyə belə deyib.

İtaliyanın baş naziri Mario Monti ölkədə mövcud olan iqtisadi çətinliklərdən danışarkən qeyd edib ki, belə şəraitdə Romada olimpiada keçirmək imkanları getdikcə məhdudlaşır. Hökumət olimpiada ilə ilgili zəruri maliyyə təminatı verməkdə çətinlik çəkir.
Agentlik xatırladır ki, Olimpiadanın harada keçirilməsi ilə bağlı seçki 2013-cü ildə Buanes-Ayresdə (Argentina) keçiriləcək.
Olimpiya komitəsi narahatdır ki, Madrid də namizədliyini geri çəkər. Çünki İspaniyanın maliyyə durumu İtaliya ilə müqayisədə, daha pisdir.
“Dünyaya ən çox maye qaz satan Qatar və paytaxt Bakıda bum yaşayan Azərbaycan Xəzərdəki qaz və neftin satışı sayəsində irəliləyib. İndi hər iki ölkə aqressiv (ifrat arzulu) şəkildə beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün səylər göstərirlər. Körfəz ölkəsi olan Qatar artıq 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına da ev sahibliyi edəcək…”
“Reuters”in xəbərinin sonunda bildirir ki, iqtisadiyyatda illik 8 faiz artım əldə edən Türkiyənin İstanbul şəhəri də şanslılar sırasında öndə gedir.
Türkiyədəki bəzi qaynaqlar isə “Yeni Müsavat”ın redaksiyasına bildiriblər ki, 2020-ci il olimpiadasına birgə ev sahibliyi etmək və bununla da İstanbul və Bakının şanslarını 2 dəfə artırmaq üçün Azərbaycanla Türkiyə arasında danışıqlar başlaya bilər.