Ayaq qaldırmaq məsələsi

-ayaq-qaldirmaq-meselesi
Oxunma sayı: 801

Gənc yazar kimi ədəbi müzakirələri, qalmaqalları sevsəm də, həmişə haqqın, ədalətin və bu müzakirədən min yol uzaq olan həqiqətin tərəfində olmuşam.

Gərək ki, bir vaxtlar Şərifin “biz özümüz kimi naqis oxucular yetişdirmişik” fikrindən çoxlarının xəbəri olmasa da, müəllifin yaxşı yadındadır. Qeyd eləyim ki, müzakirəyə buraxılan bu erotik parça “Haramı” romanının çox kiçik bir hissəsini təşkil edir. Şərif Ağayar yetişdirdiyi bu “naqis” oxucuların naqisliyini belə gözəl bilirdisə, niyə romanın məhz bu hissəsini göndərdi sayta. Bundan sonra da oxuculara hücum edərək zəif bir erotik səhnəni müdafiə eləmək, görəsən niyə böyük bir kompaniyaya çevrilməlidir? Məgər, bu ölüm-dirim mübarizəsidir, Şərif?

Səhv eləmirəmsə, Balzakın fikridir: “Bizim içimzdə ən əxlaqlı olanı qalacaq”. Mən ədəbiyyatda erotik səhnələrin və ümumiyyətlə, bədii əsərdə ustalıqla qələnmə alınan heç bir həyat hadisəsinin əlehinə deyiləm və hətta bunun ən çılpaq formasına da etiraz eləmirəm. Əlehinə olduğum və qəbul eləmədiyim isə odur ki, Markesin “Mənim kədərli gözəlçələrim” əsərində dahiyanə şəkildə işlənən erotik epizodlar (Qismətin yazısında) Şərif Ağayarın “Dilşadı altına basıb sol ayağını yuxarı qaldırması ilə” müqayisə edilir. Google-də axtarışa versək erotik əsərlər müəllifi kimi tanınan kifayyət qədər yazıçı adları ilə qarşılaşarıq və həmin müəlliflərin əsərlərindən kifayyət qədər parçalarla tanış olarıq. Bunu nəyin ki, bir qələm adamı elə oxucuların özü də sınaya bilər və yeri gəlmişkən orasını da deyim ki, bu ayaq qaldırmaq məsələsi Əziz Nesinin “Taxtalı köydən məktublar” hekayəsində daha gözəl, daha estetik və ustalıqla göstərilmişdir: Təxminən belə: “Eşşəyi yolda maşın vurur. Onu təcili yardım maşınına qoyub aparırlar. Bu zaman eşşək görür ki, qarışdan gedən bir maşında qadın ayaqları yellənir. Eşşək sevinir ki, qadın ayaqları ilə ona əl eləyir. Yanındakı adam isə belə deyir: “O qadın sənə əl eləmir, onun ayaqları kişi çiynindədir”. Kifayyət qədər fakt gətirmək olar.

Şərif Ağayarın “Haramı”sı uğurlu roman ola bilər, bu öz yerində. Ancaq Şərif əlinə bir balta, Qismət dəhrə, Nahid lom, lap axırda Cazid Zeynallı yekə bir yaba alıb nəyə etiraz eləyirlər görəsən? Nə istəyirlər bu oxuculardan? Yəqin ki, Mövlud Mövlud da yoldadır. Ay Allah, görəsən onun əlinə nə verəcəklər? Hansı alət qalıb? Şərif hələ Aqşinin Göyçə olduğu vaxtlardan üzü bəri indiki “naqis” oxucuları kimi “naqisliklər” eləmirdimi? İndi Şərif öz əxlaqına qarşı çıxıb. Bir az yaşa dolub deyə, “Amaravarti” imzasını unudub bəlkə?