“Bax, təkliyimi mən onda hiss etdim” – Müsahibə

-bax-tekliyimi-men-onda-hiss-etdim-musahibe
Oxunma sayı: 654






... Bir neçə aydır ki, paytaxtda olmayan və səhhəti ilə əlaqədar Türkiyədə ciddi həkim nəzarəti altında müalicə olunduğu deyilən tanınmış müğənni və biznes-ledi Ruhi Bakıya qayıdıb. Haqqında gəzən söz-söhbətlərlə əlaqədar jurnalistlərin suallarını cavablandırıb. Qafqazinfo.az Ruhinin müsahibəsini təqdim edir.

- İstər yaradıcılığımda, istər şəxsi həyatınızda özünüzə bir yol cızmısınız. Bəzən peyda olub, bəzən yoxa çıxırsınız. Bu nə ilə bağlıdır?

- Gözə gəlmək demək də doğru olar, çünki belə fikir var ki, Allahın gözdən xəbəri yoxdur. Amma görünməməyimin səbəbi səhhətimlə bağlı idi. Eyni zamanda ailəmizdəki bir yaxın adamın səhhətindəki problemlərə görə uzun müddət Türkiyədə oldum. Bəlkə də o dünyanı bir daha görüb qayıtdım. Birinci dəfə əməliyyat keçirəndə “Kəlmeyi-şəhadətimi” demişdim. Çünki həmin vaxt əməliyyatdan ayılmaq imkanı çox az idi. Yayda səhhətimlə bağlı çox böyük ağrılarım oldu. Uzun müddət müalicə olundum həm əsəblərimlə, həm də digər problemlərimlə bağlı. Amma şükürlər olsun ki, keçib getdi. Artıq demək olar ki, hər şey yaxşıdır. Bir neçə ildir mən səhhətimlə bağlı böyük problemlər yaşayıram. Bilmirəm bu nədəndir. Bəlkə də Allah-Təala məni sınağa çəkir, çəkir, istədiyim mükafatı hələ vermir. Vaxt gələcək o mükafatı mənə verəcək və mükafatlandıracaq. İnsan ümidlə yaşamalıdır və ümidlərinə doğru da irəli addımlamalıdır. Mən axır vaxtlar bacardığım qədər addımları irəli atmağa çalışıram. Çünki insan həyata gəldiyi gündən mübarizə aparır. Addımlarımızın hamısı mübarizədir. Artıq o yaşdayıq ki, mübarizəni daha da gücləndirməliyik. Qalib gəlmək istəyən insan hər zaman mübarizə aparmalıdır və elə düşünməməlidir ki, mən həyatda məğlub oldum, nələrəsə nail olmadım. Bütün bunları verən Allahdır. Əgər Allah bu cəsarəti, ürəyi, gücü sənə verirsə demək sən Allaha qarşı üsyan etməməlisən. Hətta səhhətinlə bağlı problemlər olsa da, çox ağır günlər yaşasanda... Mən heç zaman düşdüyüm heç bir çətinlikdə Allaha üsyan etməmişəm. Lap nə zamansa ürəyimdən nəsə keçirmək istəmişəmsə də, o dəqiqə lənət şeytana demişəm ki, yoldan çıxmayım. Allaha şükürlər olsun ki, mənə hər şeyi yetincə verib. Sağlamlığım, eybi yox, bir şey olmaz. Ailəmdə, həyat tərzimdə elə bir problemim yoxdur. Amma problemlər var. Hərdən mənə kənardan deyirlər ki, Ruhi necə xoşbəxtdir. Yox heç nə göründüyü kimi deyil.

- Yəqin ki, yaşam tərzinizə baxıb bəxtəvərlik oxuyanların sayı bitib-tükənməzdir?

- Hə çoxdur, amma bunu eləmək olmaz. Ruhinin yaşadığı çox çətin günlər var. Sadəcə olaraq Ruhi onu içində tək yaşayır. Heç yaxınlara da demir.

- Əməliyyata girəndə yaxınlarınıza heç bir söz demədiniz?

- Heç nə... Mən hətta əməliyyat keçirəndə də bunu öz doğmalarımdan gizlətmişəm. Heç zaman onları incitməyə razı olmamışam. Allah məni tək yaradıb. Bölüşmək mənim tərzim deyil. Öz içimdəkini kiminləsə bölüşüb, o insanı yükləyə bilmirəm. Allah bəndəsinə daşıya biləcəyi qədər yük verir. Mən daşıya biləcəyim qədər Allah -Təala o yükü verib. Hamı üçün çox asan görünən həyatım, mənim üçün çox çətindir...

- İkinci dəfə də əməliyyat keçirdiniz?

- Ona bənzər bir şey idi. Amma həkimlərin özləri də baş açmadılar ki, eyni proseduru dalbadal eləsinlər.

- Mükəmməl yaşayış üçün hər şeyiniz var - gözəllik, pul, ətrafınızda yaxşı insanlar. Bəs Ruhinin həyatında çatışmayan nədir?

- Həyatımda çatışmayan çox şeylər var, amma açıqlamaq istəmirəm. Bilirsinizmi, bəlkə də bütün bunların günahkarı məhz özüməm.

- Bəs zaman yenidən dövr edib keçmişə qayıtsaydı, yerlərini dəyişərdiniz?

- Dəyişərdim. Amma artıq gecdir, dəyişməyin də, addım atmağın da mənası yoxdur. Elə şeylər var ki, o addımı atmaq istəyirsən, amma bacarmırsan. İnsan ruhən güclü olanda bütün bu əzablara sinə gərməyi bacarır. Allahımdan çox razıyam ki, məni ruhən belə güclü yaradıb. Bu qədər güclü olduğuma görə, çoxsaylı problemlərə dözüb davam gətirirəm. Bəlkə də mənim yerimə başqası olsaydı, həyatını başqa cür yaşayardı.

- Qarşınızı kəsən nələr idi?

- İnsanların mənliyi olmalıdır. Mənim də qarşımı kəsən mənliyim idi. İnsanın mənliyi olmayanda hər yola əl ata bilər. Amma mənim içimdə bir qürur, istədiyim və hörmət etdiyim insanlar var. Ona görə də həyatımı bir az özüm çətinləşdirmişəm.

- Birinci əməliyyatınızla bağlı kifayət qədər məlumatlıyıq. İkinci əməliyyatınız da eyni problemlə əlaqədar idi?

- Yox, ikinci başqa problemlə bağlı idi. Amma onu açıqlamaq istəmirəm.

- Belə şayiələr də gəzib dolaşdı ki, Ruhi uşaq götürüb saxlayır, Ruhi hamilədir, bunu gizlətmək üçün Türkiyədə qalır və s…

- Heç bir şayiə doğru deyil. Sadəcə insanlara bildirmək istəyirəm ki, Ruhinin ailəsində və səhhətində çox problemlər oldu. Məhz bu səbəbdən də bir neçə ay görünmədim. Üç aya qədər çox böyük əziyyət çəkdim. Bəlkə də mən bu yaşıma qədər belə problemlər yaşamamışdım. İnanırsınız psixologiyama da təsir edirdi, çünki hər şey tək mənim üzərimə yüklənmişdi. Hər bir yükü özüm daşıyırdım – həm kişi rolunda idim, həm qadın. Bax, təkliyimi mən onda hiss etdim.

- Nə vaxtsa həqiqətən də uşaq götürüb saxlamaq istəyərsiniz?

- Bəlkə də istəyərəm, amma bunu zamanın axınına buraxıram. Allah qismət eləsə... Uşaq barədə hələ heç düşünmürəm. Artıq bir neçə müddətdir beynimdən bu fikirləri qoymuşam qırağa. O haqda hansısa söhbətləri aparmaq istəmirəm. Hər şeyi buraxmışam zamanın öhdəsinə və qismətə. Həyatda hər şey ola bilər, amma onu deyə bilərəm ki, o barədə hələ düşünmürəm. Beynimi yükləmək istəmirəm, çünki problemlər həddindən artıq çoxdur. Əhiya gecələrində mən xəstəxanada idim. Mənə doğma olan bir insan yanımda idi və o insan əlində dua kitabımı əlində tutaraq mənə dua edir. Ailə üzvlərimə sağlam həyat tərzi arzu edirdim, dualar edirdim. Öz ağrılarımı heç kimə hiss etdirməmişəm, o ağrını elə özüm giclinə çəkmişəm. Ona görə də yaxın insanlarım elə zənn edir ki, mənim problemim yoxdur və ağrımıram.

- Bir müddət əvvəl rəhbərlik etdiyiniz brilyant mağazası yerli televiziya kanallarından birində yayımlanan “Nömrə 1” layihəsinə dəstək oldu. Bu dəstəyinizi davam etdirəcəksinizmi?

- “Nömrə 1” layihəsi yenə də olacaq və yenə də mənim rəhbər olduğum mağaza ona dəstək olacaq. Artıq anonslar çəkilib və yanvar ayından etibarən yayımlanacaq. Hətta başlamalı idi və sonradan “Eurovision” milli seçimlərinə görə bu təxirə salındı. Televiziya rəhbərliyi də qərara gəldi ki, rahat bir vaxt olsun və uyğun bir zamanda başlasın. O səbəbdən də ikinci “nömrə 1” yanvar ayına qalıb. Birinci layihəyə nə qədər xərclədiyimizi isə açıqlamayacağam, bu kommersiya sirridir.

- Bəs aparıcılığınızla bağlı məsələ nə yerdədir?

- Söz verdiyim kimi yeni bir layihəm olacaq. Bu layihədə aparıcı qismində çıxış edəcəyəm. Artıq bu layihə dekorasiyasına kimi hazırdır və hər biri Türkiyədə hazırlanıb. Möhtəşəm, analoqu olmayan bir dekorasiyadır. Sadəcə olaraq səhhətimlə əlaqədar olaraq bu layihənin həyata keçməsi məsələsi yubandı. Bu işin çox böyük bir məsuliyyət olduğunu anlayıram. Bu layihəyə hazırlaşmaq lazımdır, çünki ciddi bir layihədir. Qarşıma məqsəd qoymuşam ki, sadəcə aparıcılıq etmək, görsənmək xatirinə bu verilişə çıxmayım. Çünki mən aparıcı deyiləm, hər zaman vurğuladığım kimi müğənnidə deyiləm, həvəskaram. Yenə də oxuyuram. Artıq bir mahnım da hazırlanıb və bu musiqi Xanım İsmayılqızına məxsusdur. Bu ürəyim istəyən bir mövzu idi. Xanım İsmayılqızına dedim və o da bu mövzunu yaratdı. Amma mahnının adını hələ sirr saxlayıram. Bizim o bəstəkarla ruhumuz eynidir. Amma bu mahnıya klip çəkdirməyəcəyəm, çünki klip çəkdirsəm artıq müğənni kimi görünəcəyəm.

- Sizin haqqınızda belə bir söz də deyilir ki, “Ruhi şou-biznesdən istədiyini aldı və uzaqlaşdı”...

- O cür düşünən insanların nəzərinə çatdırmaq istərdim ki, bu hər zaman belə olub. Ruhi hər zaman istədiyini alıb və gedib. Allahın köməyi ilə Ruhi hər zaman istədiyinə nail olur. Hətta bir şeyi ürəkdən istəsəm yoxdan var olar. Təki onu mən istəyim... Allah bir yandan alanda, bir yandan da verir, mənə də bu gücü verib. Mənim Allahdan başqa heç kimdən qorxum yoxdur. Mən pis insanlardan da qorxmuram, deməli Allah onları pis yaratmaqla ən böyük cəza verib. Pis pisliyindən qalmırsa, mən niyə yaxşılığımdan qalım. Mən yaşayış xətrinə yaşamıram, yaşadıqlarım üçün yaşayıram.

- Bəs nə zamansa hansısa insana elədiyiniz yaxşılığa görə peşmançılıq çəkmisiniz?

- Qətiyyən, çünki mən istəyib o yaxşılığı eləmişəm. Yaxşılığımı elə bir insan itirib ki, amma mən yenə də peşman deyiləm. Çünki o yaxşılığı o insanı istəyərək eləmişəm. Doğrudur, o insan mənə hardasa zərbələr vurdu, yalanlar ortaya çıxdı. Amma mən görsəm ki, ehtiyacı var inandırım ki, yenə də mən o addımı ataram. Bu mənim daxilimdir, içimdir, onu məndən heç kim ala bilməz. İstəmədiyim şeyi heç kim mənə elətdirə bilməz, dünya bir olsa belə. Allaha inanıram, çünki o vəziyyətdən çıxmağı bacarmışam...