Beynəlxalq boks qalmaqalına dair yeni ştrixlər üzə çıxır

-beynelxalq-boks-qalmaqalina-dair-yeni-strixler-uze-cixir
Oxunma sayı: 761

Azərbaycan Boks Federasiyasının iki qızıl medal almaq müqabilində Beynəlxalq Həvəskar Boks Federasiyasına rüşvət verməsi haqda uluslararası qalmaqalda adı hallanan Həmid Həmidov adlı investorun kimliyi bu günə kimi də bəlli deyildi. Mətbuat nümayəndələrinin Azərbaycanda milyonçu Həmid Həmidov axtarışları 3 eyni ad və soyadı daşıyan şəxsin müəyyən edilməsi ilə nəticələnib.

Bunlar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Həmid Həmidov, yazar Həmid Herisçi (onun da soyadı Həmidovdur), extratime.az saytının baş redaktoru Həmid Həmidovdur. Bu şəxslərin heç biri milyonçu deyil; eyni zamanda onların hansısa həvəskar boks yarışmasına milyonlarla investisiya yatırmaq imkanları yoxdur. Bu da mətbuatın araşdırmaları zamanı üzə çıxan məqamlardır.
Yada salaq ki, bu il sentyabrın 17-də BBC-nin “Newsnight” proqramı Azərbaycanın Boks Federasiyasının prezidenti olan fövqəladə hallar nazirinin İsveçrədəki adı açıqlanmayan azərbaycanlı investor vasitəsilə WSB-nin icraçı direktoru İvan Xodəbəxşə iki qızıl medal üçün 10 milyon dollar verilməsinə dair müqavilə imzalatdığı haqda araşdırma yaymışdı. Azərbaycanlı investorun adı bir müddət gizli saxlanılsa da, sonradan onun Həmid Həmidov adlı birinin olduğu üzə çıxmışdı.
Bu istiqamətdə apardığımız araşdırmalar zamanı daha bir Həmid Həmidovu müəyyən etmişik. Amma Azərbaycanla qonşu olan Dağıstanda. Çox güman ki, bu, məhz həmin qalmaqalda adı keçən Həmid Həmidovdur.
Dağıstanın maliyyə naziri olmuş Həmid Həmidovun avtobioqrafiyasına nəzər salanda bu ehtimal bir qədər də güclənir.
- Həmid Mustafa oğlu Həmidov 1954-cü il 6 iyun tarixində Dağıstanın Levaşı rayonunun Meqeki kəndində anadan olub. Milliyyətcə dargin olan Həmid Həmidov gənc yaşlarından sərbəst güləş, sonralar isə boksla məşğul olmağa başlayıb. Hərbi xidmətdən sonra Dağıstan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olan H.Həmidov oranı 1977-ci ildə bitirib. Dağıstan ictimai rəyinə onun adı 1990-cı ildə “Elbinbank”ı yaratması ilə daxil olub. 2 il sonra H.Həmidov Rusiya Federasiyası Mərkəzi Bankının Dağıstan Baş İdarəsinə rəis təyin olunub. 1995-ci ilin dekabrında Rusiya Federasiyasının Dövlət Dumasına deputat seçilib. 1996-cı ilin aprelində isə o, deputat səlahiyyətlərindən imtina edib və Dağıstanın maliyyə naziri vəzifəsinə təyin olunub.
Aktiv şəkildə ictimai fəaliyyətlə məşğul olan H.Həmidovun təşəbbüsü ilə İslam Xeyriyyə Fondu yaradılıb. Həmid Həmidovun avtobioqrafiyasının ən maraqlı hissəsi isə onun Dağıstanın Boks və Sərbəst Güləş federasiyalarının, həmçinin Dinamo-Mahaçqala futbol klubunun prezidenti olmasıdır. Bununla yanaşı, o, “Bank və kredit işi” adlı kitabı da dərc etdirib. Öldürülənə qədər Həmid Həmidov Dağıstanda və Dağıstan sərhədlərindən kənarda maliyyəçi kimi tanınıb.
1996-cı il avqustun 20-də Dağıstanın Maliyyə Nazirliyinin binasına daxil olarkən Həmid Həmidovun onunla görüşə gələn yaşlı qadınla söhbət etməyə ayaq saxlayıb. Qadınla söhbət zamanı yaxınlıqdakı “Jiquli” markalı maşında quraşdırılmış bomba partlayıb. Güclü partlayış nəticəsində Həmid Həmidov və xeyli insan dünyasını dəyişib. Terror aktından sonra “Həmid Həmidov” adına fond təsis edilib. Həmin fond digər xeyriyyə fəaliyyəti ilə yanaşı boks və sərbəst güləş üzrə çempionatları da maliyyələşdirir.
Maraqlıdır ki, H.Həmidovun terror aktında öldürülməsindən sonra onun qardaşı Abusəməd Həmidov Dağıstanın maliyyə naziri vəzifəsinə təyin olunub.
Hazırda Həmid Həmidovun həyat yoldaşı Məryəm Həmidova Dağıstanın Kiçik və Orta Biznesi Dəstəkləyən Komitəsində sədr müavinidir.
2008-ci ildə Dağıstanın Xasavyurd rayonunda “Həmid Həmidov”un adını daşıyan idman kompleksi açılıb.
6 min nəfərilik azarkeş tutumuna malik idman kompleksinin açılışında Dağıstan rəhbərliyi iştirak edib. Açılış sərbəst güləş üzrə 26 komanda üzvlərinin yarışması ilə start götürüb. Tədbirə ABŞ 2 komanda yollayıb. Onlardan biri isə bu ölkənin olimpiya yığması olub. Tədbirə Azərbaycanın da yığma komandası qatılıb. 250 min dollarlıq mükafat fonduna maliyyə ayıran fondlar sırasında “Həmid Həmidov”un fondu da olub.
Ümumiyyətlə isə həmin kompleksdə boks üzrə yarışmalar keçirilir. “Həmid Həmidov” xeyriyyə fondu Dağıstanın Mahaçqala şəhəri, Həmid Həmidov küçəsi - 14 ünvanında yerləşir.
Qeyd edək ki, BBC-nin məlumatlarına əsasən Həmid Həmidov adlı azərbaycanlı investor pulları WSB-nin Lozannadakı hesablarına köçürüb, oradan isə pullar ABŞ-ın Milli Olimpiya Komitəsinin ofisinin yerləşdiyi Kolorado-Sprinqsə köçürülüb. Tamamilə mümkündür ki, BBC “Həmid Həmidov” adına fondla Həmid Həmidov adını səhv salaraq bu şəxsi azərbaycanlı iş adamı kimi təqdim edib.
Həmin iddialara görə, Həmid Həmidovun milyonlarla vəsaiti WSB-nin Lozannadakı hesablarına köçürməsində məqsədi Los Angeles, Mayami, Memfis və Mexiko boks komandalarının yarışlarda iştirakını maliyyələşdirmək olub. Amerikada WSB tərəfindən təşkil edilən boks yarışlarına tamaşaçı marağı, başqa sözlə, gəlir əldə etmək ehtimalı çox az olduğu halda, “Həmid Həmidov” fondunun bu yarışları maliyyələşdirməyə milyonlarla dollar ayırmasının əsl səbəbləri qaranlıq qalır. Həmçinin Həmid Həmidov adlı azərbaycanlı investorun İsveçrədə hansı bizneslə məşğul olduğu da məlum deyil.
Eyni zamanda 10 milyon dolları bir boks yarışını maliyyələşdirməyə sərf edən iş adamının bu hərəkəti normal məntiqlə onun böyük imkanlara sahib olan bir şəxs olduğunu düşünməyə əsas verir. Amma indiyədək belə bir super imkanlı azərbaycanlının olması barədə heç bir informasiya yoxdur. Əvəzində isə hamının azərbaycanlı kimi axtardığı, ad və soyadı da azərbaycanlılardan seçilməyən Dağıstanda və sərhədlərindən kənarda idman turnirlərinin maliyyəçisi kimi tanınan “Həmid Həmidov” fondu var. BBC-nin məlumatlarında da məhz bu şəxsin adının hallandığı daha inandırıcıdır.

musavat.com