“Çünki qovuşmaq darıxmaq qədər sonsuz deyil” – Şeirlər

-cunki-qovusmaq-darixmaq-qeder-sonsuz-deyil-seirler-
Oxunma sayı: 1600







AZADLIQ SAATI

Üfüqlərə qoşulub
ulduzların evini arayan adam
gözlərin qaranlıqdı yenə
əllərin yuxulu

onu bil ki, sən
həyat qədər gözəlsən
ölüm qədər qorxulu

Bu da mən
Dənizlərdən uçub gəldim
trafik qəzalarından
metro keçidlərindən
şəhər adamlarının qələbəliyindən
qaçıb gəldim

və anladım ki sevmək
qurtuluş qədər genişdir
azadlıq qədər məhdud

İndi də
əl-ələ üzürük fikir okeanında
sağda bahardır
solda qış
unutmuşuq bütün yanlışların acısını
ayrılıqların səbrini
bu günü yaşayırıq yalnız

Çünki qovuşmaq
darıxmaq qədər sonsuz deyil
təklik qədər zamansız


ŞƏHƏR , PAYIZ VƏ YOXLUQ



Unutmağa başlamışam
sükut sən yoxsan gerçəyini
çırpandan bəri üzümə

...Səhər pərdələr yellənir küləyə
pəncərələr açılır
küləyə,şəhərə
Şəhərdə payızdı-
yəni ayrılıqlar zamanı
Payızdı və sən yoxsan

Hər gün iki dəfə baxıram aynaya
özümə gülmək və
otağımı kənardan görmək üçün
Dodaq boyası ilə
adını yazıram güzgünün səthinə
üstündən silirəm dönə-dönə
Yenə,yenə də
sən yoxsan

Şəhər-unutmaq məkanı
əyri binalar,qurumuş ağaclar
hamını,
hər şeyi çıxarır yaddan.
Elə mən də bayaqdan
xatırlamağa çalışıram
kim idi,kim idi yox olan...