Əlin cibində olsun, Ovçu! - Siyahı

-elin-cibinde-olsun-ovcu-siyahi
Oxunma sayı: 2192

Azərbaycan Respublikası ərazisində 2011-2012-ci illər üçün ov mövsümü 4 iyun 2011-ci il tarixindən etibarən açıq elan edilib. “Qafqazinfo”nun məlumatna görə, bu barədə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə müsahibəsində bildirib. H. Əlizadə deyib ki, respublika ərazisində 2011-2012-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri belə müəyyən edilib: Təkə 04 iyun - 29 oktyabr 2011-ci il tarixlərində, qaban (çöl donuzu) 10 sentyabr - 24 dekabr 2011-ci il tarixlərində, dovşan 12 noyabr 2011-ci il - 07 yanvar 2012-ci il tarixlərində, bataqlıq qunduzunun (nutriya) 15 oktyabr 2011-ci il-25 fevral 2012-ci il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Direktor müavini vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinin hansı regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verildiyini də açıqlayıb. Belə ki, qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı; təkə - Zaqatala, Şəki, Qax, Oğuz, Quba; dovşan isə Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının ərazisində ovlana bilər.

Ov etməyə görə icazəyə gəlincə, H. Əlizadə qeyd edib ki, icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır: “Birdəfəlik ov icazəsinin qiyməti dovşan üçün 2 manat 20 qəpik, çaqqal üçün 3 manat 96 qəpik, yenot və qunduz üçün 1 manat 65 qəpik, təkə üçün 24 manat 75 qəpik, qaban üçün (çöl donuzu) 16 manat 50 qəpik müəyyən edilib. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov isə qadağan edilib”.

Nigar Məmmədli