“Eurovision-2012” Bakı vaxtı ilə saat 00:00-da başlayacaq

-eurovision-2012-baki-vaxti-ile-saat-0000-da-baslayacaq
Oxunma sayı: 718

“Eurovision-2012” Mahnı Müsabiqəsi Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. ANS PRESS-in məlumatına görə, müsabiqənin icraedici rəhbəri Yan Ola Sand "Eurovision" yarışmasının bir qayda olaraq axşam saat 9-da başladığını bildirib. Bu da Bakı vaxtı ilə gecə saat 12 deməkdir, yəni saat 00:00.

Yan Ola Sand “Eurovision-2012” Mahnı Müsabiqəsinin səsverməsinin şounun son 15 dəqiqəsində həyata keçiriləcəyini deyib: "Bu qərarı verməkdə məqsəd tamaşaçıların fikrini şoudan yayındırmamaqdır. Son iki ildə yeni səsvermə üslubunu sınadıq. Səsvermə prosesi bütün şou boyu həyata keçirildi, amma gördük ki, bu tamaşaçıların şounu yaxşı izləmələrinə mane olur. Qərara gəldik ki, bu ildən etibarən şounun sonunda 15 dəqiqə səsverməni bərpa edək. İştirakçıların qiymətləndirilməsi 50 faiz tamaşaçı səsverməsinə, 50 faiz isə münsiflər heyətinə aiddir”.

Qeyd edək ki, "Eurovision 2012" Mahnı Müsabiqəsi 22, 24 və 26 may 2012 tarixlərində Bakıda baş tutacaq. 22 mayda keçiriləcək birinci yarımfinalda 18 ölkə - Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə, Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San Marino, İsrail, İrlandiya və Macarıstan iştirak edəcək.

24 mayda keçiriləcək ikinci yarımfinalda 19 ölkə - Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə,Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Hersoqovina iştirak edəcək.

Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və qalib ölkə kimi Azərbaycan 26 mayda baş tutacaq final mərhələsində iştirak edəcək.