İlham Əliyev Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib

-ilham-eliyev-qobustan-eksperimental-poliqonu-ve-tedris-merkezinin-acilisinda-istirak-edib
Oxunma sayı: 805

Dövlət başçısına məlumat verilib ki, 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.
Prezident İlham Əliyev mərkəzin fəaliyyətini əks etdirən stendlə tanış olub. Bildirilib ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir necə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.

Sonra dövlətimizin başçısı idarəetmə mərkəzi ilə tanış olub. Məlumat verilib ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Ümumilikdə agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulub ki, bunun birincisi Qobustandakı mərkəzdə yaradılıb.
Prezident İlham Əliyev mərkəzi işə salıb.

Dövlətimizin başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri müşahidə edib, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış olub. Azərbaycan Prezidenti mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkəmizdə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxıb, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, burada alternativ enerji ilə istənilən bitkini lazımı temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.

Poliqonun ərazisini gəzən Prezidentin diqqətinə çatdırılıb ki, burada qurulan işıqlandırma sistemi və istixana alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli 10 yaşayış binası da inşa olunub ki, onların işıqlandırma sistemi günəş enerjisi ilə işləyir. Mərkəzin gücünün gələcəkdə 5,5 meqavata çatdırılması nəzərdə tutulub.

Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakini Qoşqar Qarayev Qobustana göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Sonda xatirə şəkli çəkdirilib.