“Portuqaliya kimi komanda qapımıza yol tapa bilmirdi” - Müsahibə

-portuqaliya-kimi-komanda-qapimiza-yol-tapa-bilmirdi-musahibe
Oxunma sayı: 645




“İnter” klubunun müdafiəçisi Ruslan Əmircanovun Rusiya ilə oyun öncəsi “Qafqazinfo”ya müsahibəsi

-Berti Foqtsun millidən uzaqlaşdırdığı futbolçular sırasında siz də varsınız. Bu kənarlaşdırmanın səbəbi nədir?
-Berti Foqts bizim dördümüzü də bir araya topladı və dedi ki, biz öz klublarımızda daimi oynamırıq. Elə buna görə də bizi heyətdən kənarlaşdırıb. Əsas səbəb budur. O, bizi istəmədiyini deməyib. Əksinə onu da dedi ki, əgər milli iki oyuna çıxsaydı, bizi mütləq birində oynadardı. Ancaq bir oyun olduğu üçün bizi heyətdən çıxarıb. Yəqin fikirləşib ki, biz zəif oyunçularıq. Foqts bizə öz üzərimizdə çalışmağı da tapşırıb.

-Sizcə, Berti Foqtsun verdiyi bu qərar ədalətlidir?
-Mən özümü zəif futbolçu hesab etmirəm. Ümumiyyətlə, milli komandamızda zəif futbolçu yoxdur. Çünki zəif olanlar milliyə dəvət olunmur. Mən də millidə oynamağa layiqəm. Deməli, qismət belə imiş. Mən məşqçiyə qərarına görə etiraz edə bilmərəm. O, məşqçimizdir və mən onunla razılaşmalıyam. Ancaq mən də bundan sonra üzərimdə daha çox çalışacağam. Çünki istəyirəm ki, gələn oyunlarda Foqts mənim oyunumdan yararlansın.

-Baş məşqçi Moskvaya aparacağı heyəti açıqlayıb. Bu heyət sizi qane edirmi?
-Futbol elə bir oyundur ki, heyətə baxılmır. Əsas odur ki, futbolçular meydanda 90 dəqiqə mübarizə apara bilsinlər. Düzdür, biz səviyyəcə Rusiyadan aşağıyıq. Ancaq bizim heyət də zəif deyil. Heyətimiz elə bir heyətdir ki, Portuqaliya kimi güclü komanda 65-70 dəqiqə qapımıza yol tapa bilmirdi.

-Yığma komandamız bu oyunda azarkeşlərini sevindirə biləcək?
-Mən millinin heyətində məşq edərkən gördüm ki, futbolçularda əhval-ruhiyyə olduqca yüksəkdir. Onlar qələbə qazanmaq üçün bacardıqları qədər məşq edirdilər. Rusiya yığması güclüdür. Buna baxmayaraq futbolçularımız Moskvaya yalnız qələbə üçün yollanır. Ancaq bu oyunda 1 xal da əldə etsək, pis nəticə deyil.

-Berti Foqts müsahibələrinin birində futbolçuların gündə iki dəfə məşq etmək istəmədiklərini deyib. Eləcə də Portuqaliya ilə oyundan əvvəl verdiyi açıqlamada bu oyuna yalnız təcrübə qazanmaq üçün çıxdıqlarını bildirib. Baş məşqçinin belə inamsız sözləri futbolçularda psixoloji zəiflik yaratmırki?
-Məşçimiz öz işini yaxşı bilir. O, sadəcə olaraq oyun öncəsi öz fikirlərini bölüşür. Bu fikirlər isə bizdə psixoloji zəiflik yaratmır. Əksinə, bizi öz üzərimizdə daha çox işləməyə vadar edir. Çünki biz məşqçinin bu sözlərindən nəticə çıxarırıq və çalışırıq ki, onun etimadını doğruldaq. Berti Foqtsun Portuqaliya ilə oyunöncəsi açıqlamasına gəlincə isə, həqiqətən də bu komandanı məğlub etmək real bir şey deyildi. Ancaq bizim yığmamız da yaxşı oyun nümayiş etdirdi. Əsasən də qapıçımız Kamran Ağayev yaxşı oynadı. Lakin Portuqaliya qapımızdan bir qol keçirdikdən sonra bizdə ruh düşkünlüyü yarandı. Buna görə də qapımıza daha iki qol vuruldu.

-Bizə Azərbaycan-Rusiya qarşılaşmasının proqnozunu verin. Oyunun hesabı necə olacaq?
-Məncə, oyun 1:1 hesabı ilə bitəcək. İlk qolu yığmamız vuracaq. İkinci hissədə isə rəqib hesabı bərabərləşdirəcək.

Sevinc Mənsimli