Qadınlar və kişilər

-qadinlar-ve-kisiler-
Oxunma sayı: 1060

I

Qadın və kişi ayrılarkən uşaq ortada qalsa, kişi düşünəcək: – “Anasından artıq olmayacaq ki, cəhənnəm olsun!”. Qadınsa öz ürəyində: – “O əclafdan ötrü niyə balamı atmalıyam?!” Və qayıdıb uşağını götürəcək. Uşaq Şərq qadınının “iradəsizliyidir”.

II

Qız gələcəyini üzünə açılan sabahlarda yox, arzuladığı analığında görür. Oğlan o zaman qıza tam sahib olur ki, “səninlə evlənəcəm, uşaqlarımız olacaq” deyir. Qarşıdakı günləri analıq hissi kimi dərk etmək bəlkə də, “sığortalı gələcək” vəd edir. Halbuki, gələcək – illərdədi, zamandadı. Gələcək analıq hissi kimi qavrananda “idrakı süqut”a aparıb çıxarır. Gələcək analıq duyğusunun fövqündə olduğuna görə, qızlar analıq hissinə qapılıb öz gələcəklərini bu hissə qurban verərək aldanırlar. Şərq qadınının əsas arzusu uşaqdır. Şərq qadınının əri ölübsə, uşaqları varsa o xoşbəxt sayılır. Qadın ərini uşaqlara görə sevməyib, amma uşaqlara görə ərindən imtina edər.

III

Şərqdə qadın alveri iki səbəbdən çoxalır. 1. Şərq kişisi qapalı çevrədəki qadınların qeydinə qalır, daha “kəndin namusu”, “məhəllənin qeyrəti”, “şəhərimizin adı” psixologiyası yekunlaşıb. 2. Analıq hissinə aldanan qadınlar fahişə kimi cəmiyyətdə az-çox qəbul olunurlar. Şərqdə fahişəliyi qadınlara uşağa görə bağışlayırlar. Qadın öz övladına görə o yoldadırsa, vicdan məcburi olaraq ikinci plana keçirilir. Çünki uşaq birinci plandadır.

IV

Dostoyevskinin “Ölülər evində xatirələr” əsərində belə bir yer var: “Bir gecə məhkumlardan birini qapıya çağırmışdılar. Həbsə düşməmişdən əvvəl hal-əhvalı öz yerində bir Sibir kəndlisi olan bu adam, altı ay əvvəl əvvəlki arvadının təzədən evləndiyi xəbərini almışdı, dərd-qəm içindəydi. O gecə qadın həbsxanaya gəlmiş, görüş istəyib, ona sədəqə vermişdi. Bir neçə dəqiqə ikisi də göz yaşları içində danışmış, sonra bir daha görüşməmək üzrə ayrılmışdılar”. Bəzi qadınlar ərlərinin həbsdən gəlməyini ona görə gözləyə bilmirlər ki, qadın üçün gələcək üç-beş il deməkdir. Qadın gələcəyi o vaxt seçir ki, o indiki zamana əmindir. Qadının bugünkü halı pisdirsə o, gələcəyə inanmayacaq. Amma kişinin indisi pis olanda belə gələcəyə inana bilir. Statistikaya görə 6-7 il həbs cəzası almış qadının ürəyi, 15-20 il cəza çəkən kişidən tez partlayır. Çünki qadın üçün bu gün gələcəyə təməl olmalıdır. Kişi üçünsə hər gələcəyin öz təməli var. “Ölülər evində xatirələr” əsərində kişilərin ümidi ilə bağlı maraqlı bir məqam: “Məhkumlar çox xəyalpərəst insanlardır. İyirmi il həbs edilmiş kişilərin mənə son dərəcə sakit şəkildə, “Vaxtım qurtarıb çölə çıxanda...” dediklərini söyləsəm, inanarsınızmı?”

V

Kişi sevgisinin sonuncu mənzili yataqdır. Bu sevgisi ya yataqdaca bitir, ya da ülvi eşq misalıdırsa əvvəlki halına - ilkinliyinə qayıdır, kəsəsi, yatağı aşa bilmir. Bəzən yaxşı cinsi münasibəti bəzi kişilər qadın fədakarlığı kimi qiymətləndirirlər. Qadının istəyi isə yataqdan sonra da davam edir. Kişi yataqdan qalxandan sonra süstləşir, qadınsa daha gümrah olur. Kişi 5-7 saniyəlik ləzzətlə “an”ı dəyərləndirir, bu qısa zaman kəsiyindəki “an ləzzəti”nə görə sonra özünə nifrət edir. Qadındasa həmin proses uzun müddətli olduğundan qadın yataqda anı deyil, zamanı dəyərləndirir. Qadın yataq münasibətində zamanın içindən zamana çıxır, kişi isə bir andan, böyük bir zamana qovuşur. Kişi seksi daha fanidir. Ona görə də qadınlar ancaq yataqda kişilərdən ağıllı olurlar.